“VİRTUAL MƏKTƏB”IN YENİLƏNMİŞ SAYTI ISTİFADƏYƏ VERİLİB

Yeni tədris ilində “Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, yenilənmiş saytda müvafiq bölmələri və xüsusiyyətləri barədə məlumat təqdim olunur.

Saytın təlimatlar bölməsində platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün ətraflı video təlimatlar təqdim olunub. Virtual bələdçi bölməsində platformadan rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə saytda “Virtual bələdçi” xidməti mövcuddur. Xidmətdən faydalanmaq üçün istifadəçilər “Sualınız var?” bölməsinə keçid edib, onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.

Elanlar bölməsində “Virtual məktəb”də yeniliklər barədə məlumatlandırma məqsədi ilə elanlar bölməsi yaradılıb. Bu bölmədə mütəmadi olaraq keçiriləcək onlayn tədbirlər barədə xəbərlər yerləşdiriləcək.

Müəllim bloqu bölməsində saytda innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkan yaradılıb. Bu hissədə müəllimlər interaktiv alətlərlə keçirilən dərs nümunələri və təcrübələrini videoformatda təqdim edə biləcəklər.

Elektron poçt və saxlanc bölməsində “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.