Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliği və ictimaiyyətin bu barədə dolğun informasiya təminatını həyata keçirmək məqsədilə “Vikipedia” beynəlxalq elektron ensiklopediyasında Türkiyə türkcəsində Azərbaycana dair səhifələrin yaradılması və mövcud olan səhifələrin təkmilləşdirilməsi istiqamətində iş aparır.
Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış azərbaycanlı tələbələrdən ibarət “Vikipediya könüllüləri” qrupu “Wikipedia.org” resursunda “Azerbaycan milli giyimleri” adlı səhifəni istifadəyə verib.
Həmin bölmədə xalqımızın zəngin mədəniyyəti, milli geyimləri ilə bağlı geniş məlumat əks olunub. Mingəçevir ərazisindəki katakomba qəbirlərindən eramızın V–VI əsrlərinə aid müxtəlif ipək parçalardan tikilmiş geyim qalıqlarının tapıldığı və Azərbaycan xalq geyimlərinin təkmilləşməsi prosesinin orta əsrlər dövründə daha intensiv hal aldığı qeyd olunur. Vurğulanır ki, Azərbaycan kişi və qadın geyimləri haqqında ətraflı məlumat “Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapıb, milli geyimin formalaşması və inkişafında Azərbaycanın müxtəlif bölgələri xüsusi rol oynayıb.
Azərbaycan milli geyimləri ilə bağlı zəngin məlumatları özündə əks etdirən bölmədə geyimlərimizin tarixi, bölgələr üzrə oxşar və fərqli cəhətləri, Bakı, Gəncə, Qarabağ, İrəvan, Lənkəran, Naxçıvan, Şamaxı, Şəki bölgələri üzrə geyimlərin xüsusiyyətləri, baş geyimləri, kəlağayılar haqqında məlumat verilir.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, türk dilində yaradılmış bu bölmə müvafiq sahə ilə maraqlanan onlayn istifadəçilər, oxucular, habelə bu mövzuda tədqiqat aparan mütəxəssislər üçün dolğun informasiya mənbəyidir.