Fransanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində İttifaqa üzv 27 ölkənin dövlət və hökumət rəhbərləri Versal sarayında Avropanın üzləşdiyi məsələləri iki gün müzakirə edərək həll yolları axtaracaqlar.
Fransanın təşkilatçılığı ilə keçirilən sammitin gündəliyində iki təcili məsələ – müdafiə və enerji məsələləri dayanır. Avropada mövcud real təhlükə üzv ölkələri İttifaqın müdafiəsi haqqında yenidən düşünməyə vadar edib. Ukrayna böhranı ilə əlaqədar bəzi dövlətlər antimilitarizm səhifəsini çevirərək, müdafiə sahəsində misli görünməmiş fəallıq nümayiş etdirirlər. Qeyd olunur ki, artıq Avropanın müdafiəsi haqqında düşünməyin vaxtıdır.
Yerli KİV-lərin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron mövcud şəraitdən istifadə edərək, özünün Avropa müdafiə strategiyası layihəsinə yenidən başlamaq niyyətindədir. Əvvəllər bu layihə bir çox ölkələrin etirazı ilə üzləşsə də, Fransa Prezidenti onu yenidən təqdim etmək üçün Versal sammitindən faydalanmaq niyyətindədir.
Qeyd olunur ki, Avropa üçün ən çətin zaman başlayır. İttifaqın qorunub saxlanılması üçün ümumi müdafiə sistemi yaradılmalı, eləcə də enerji müstəqilliyinə nail olunmalıdır.
Yelisey sarayının məlumatına görə, sammitdə Avropa İttifaqı Ukraynaya, eləcə də Gürcüstan və Moldovaya “Avropa ailəsinə mənsub olmalarına dair siyasi siqnal” göndərməlidir. Bununla belə, onların sürətləndirilmiş üzvlük proseduru hələlik başlaya bilməz.