
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində imzalanan anlaşma memorandumu Vatikan və İtaliya mətbuatında geniş işıqlandırılıb.
Müqəddəs Taxt-Tacın rəsmi xəbər platforması olan “Vatican News” imzalanan sənədi dinlərarası anlaşma və əməkdaşlığın gücləndirilməsi yolunda mühüm mərhələ kimi dəyərləndirib. Qeyd olunub ki, sənəd ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan və 2011-ci il aprelin 29-da imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsidir. “Vatican News”, həmçinin memorandum çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqindəki roluna toxunub.
Bundan başqa, “Gazzetta Diplomatica”, “Agenzia Nova”, “Iglesia Noticias”, “Eda Radio”, “Kath Press”, “CNA”, “Exaudi”, “Kmetro0”, “Osservatore Romano”, “Agenparl”, “Telegraf” və “Turkic” kimi saytlar və portallar da anlaşmanın əhəmiyyətinə dair materiallara yer verib.