VASİTƏÇİLİK TƏŞƏBBÜSLƏRİ AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZUNU GÜCLƏNDİRİR

Suriya üzrə danışıqların növbəti raundunun Bakıda keçiriləcəyi barədə yayılan məlumatlar ölkəmizin qlobal proseslərə nüfuz imkanlarının və diplomatik çəkisinin artmasını nümayiş etdirən mühüm məqam kimi diqqəti çəkir. Azərbaycanın münaqişə vəziyyətində olan İsrail və Suriya arasında vasitəçilik etməsi və barışdırıcılıq missiyasını həyata keçirməsi onun beynəlxalq münasibətlər sistemində yeri və rolunun, çevik diplomatiyasının nəticəsidir.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı və “Al-Arabiya” nəşri bu barədə məlumat yayıb. Bildirilir ki, İsrail və Suriya nümayəndələri arasında danışıqların keçirilməsi məkanı kimi Bakıya üstünlük verilir. Danışıqların məqsədi Suriya cənubunda, xüsusən də Əs-Süveydə ətrafında mövcud olan mübahisəli vəziyyətin aradan qaldırılması və bölgədə sabitliyin təmin olunmasıdır. İsrail nümayəndə heyətinin bu məqsədlə Azərbaycana gözlənilən səfəri də Bakının regional diplomatik platforma kimi qəbul edilməsinin göstəricisidir. Məlumatlara görə, danışıqların gündəliyində 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti boyunca təxminən 80 kilometr uzunluğunda, 0,5–10 kilometr dərinliyində demilitarizasiya zonasının yaradılması məsələsi də yer alır.

Təl-Əvivin əsas narahatlığı Suriyada İranın və onun dəstəklədiyi silahlı qrupların, xüsusilə də “Hizbullah”ın artan təsiridir. Suriya tərəfi isə İsrailin hava hücumlarını və hərbi müdaxilələrini minimuma endirməyə yönəlmiş zəmanətlərin əldə olunmasına çalışır. Danışıqlarda kürdlər, druzlar və ələvilərin statusu məsələsinin ayrıca müzakirə predmeti olması Suriyanın gələcək konstitusion quruluşu ilə bağlı mübahisələrin hələ uzun müddət davam edəcəyini göstərir.

Ümumiyyətlə, Azərbaycanın son illərdə müxtəlif mübahisə və münaqişələrin həllində fəal təşəbbüskarlığı və iştirakı bir sıra mühüm məqamları önə çıxarır. Aşkar görünür ki, müxtəlif regional və beynəlxalq güclər ölkəmizi neytral, güvənli və təhlükəsiz məkan kimi qəbul edirlər. İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında görüşün daha əvvəl Bakıda reallaşması ölkəmizə etimadı daha da artırıb. Azərbaycan həm İsrailin, həm də Suriyanın etimad etdiyi, inandığı nadir ölkələrdən biridir. Prosesin sürətlənməsi və daha aktiv fazaya keçməsi ölkəmizin vasitəçi və ev sahibi kimi rolunu gücləndirir. Rəsmi Bakının çevik və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti prosesin tərəflər üçün tərəfsiz və balanslı şəraitdə aparılmasına zəmanət verir. Xatırladaq ki, rəsmi Bakı buna qədər Rusiya-Türkiyə və Türkiyə-İsrail münasibətlərinin tənzimlənməsində də effektiv vasitəçi rolunu oynayıb.

Bakıda keçiriləcək danışıqlarda ABŞ və Türkiyənin də maraqlı olduğunu əminliklə demək mümkündür. Vaşinqtonun hədəfi İsrailin təhlükəsizliyini təmin etməklə yanaşı, Suriya daxilində sabitlik yaratmaq, bölgəyə nüfuz imkanlarını qorumaqdır. Türkiyənin bu prosesdə iştirakı isə daha çox Suriyanın şimalındakı kürd silahlı qruplarının statusuna yönəlib. Başqa sözlə, Ankara üçün prioritet məsələ YPG və digər PKK yönümlü qrupların Suriyanın gələcəyində yer tutmamasıdır. Bu məsələ həm Türkiyənin daxili təhlükəsizliyi, həm də sərhəd boyu sabitliyi baxımından həyati əhəmiyyət kəsb edir.

Mürəkkəb bir şəraitdə danışıqların məhz Bakıda keçirilməsi Azərbaycanın vasitəçilik qabiliyyətinin və diplomatik neytrallığının real təsdiqidir. Bakı son illər ərzində beynəlxalq tədbirlərin və həssas görüşlərin təşkilində əldə etdiyi təcrübə ilə danışıqlar üçün təhlükəsiz və qarşılıqlı etimada əsaslanan mühit yarada bilib. Bu isə Azərbaycanı Cənubi Qafqaz regionunun diplomatik mərkəzinə çevirən mühüm amillərdən biri kimi qeyd olunmalıdır.

Şübhəsiz, prosesin davamlılığı və nəticələri bir sıra amillərdən asılı olacaq. Bu məsələdə tərəflərin kompromisə nə dərəcədə hazır olması, xüsusən də İsrailin hücumlarını dayandırması həlledici məqamdır. Qarşılıqlı güzəştlər şəraitində Bakıda keçirilən danışıqlar regional sabitliyə və daha geniş arealda təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə ola bilər.

Göründüyü kimi, Azərbaycan hazırkı mürəkkəb geosiyasi şəraitdə müstəqil, praqmatik və çoxvektorlu diplomatiyası ilə sabitləşdirici rol oynayır. Ölkəmiz uzun illər ərzində sadiq qaldığı bu siyasətlə beynəlxalq hüquqa əsaslanan, regionda və onun hüdudlarından kənarda sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən mühüm aktor kimi tanınır. Xarici təsirlərdən asılı olmadan qərarlar vermək, qlobal konfrontasiyalarda tərəf tutmamaq, ərazisindən üçüncü ölkələrə qarşı istifadə olunmasına yol verməmək prinsipləri Azərbaycanın diplomatiyasının uğurlarını təmin edir. Qoşulmama Hərəkatının fəal üzvü olan, hərbi-siyasi bloklara qoşulmayan Azərbaycan ədalətli sülh gündəliyini təşviq etməklə, beynəlxalq hüquqa sadiqliyini də sübuta yetirir.

MTM Analitik Qrup