
Son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq aparıcı beynəlxalq aktorların bölgəyə yanaşmasını kəskin şəkildə dəyişib. Konkret olaraq ABŞ və Azərbaycan arasında son aylarda müşahidə olunan yüksək dinamika iki ölkənin münasibətlərinin yeni mərhələdə dinamik inkişafından xəbər verir. Bu mərhələ diplomatik təmasların intensivləşməsi ilə yanaşı, həm də iki ölkənin prezidentləri arasında yaranmış səmimi siyasi dialoqla xarakterizə olunur.
ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ilə əlaqədar təşəkkür məktubunda ifadə edilən fikirlər, eləcə də Prezident İlham Əliyevin cavab məktubundakı səmimi mesajlar iki lider arasında səmimi dostluq və etimadın formalaşdığını nümayiş etdirir. Donald Trampın regionda sülh prosesinə dəstəyini bir daha vurğulaması göstərir ki, rəsmi Vaşinqton Bakının sülh, təhlükəsizlik və əməkdaşlıq istiqamətindəki davamlı səylərini dəstəkləyir. Bu etimad, eyni zamanda, dövlət maraqlarının yaxınlaşmasının təzahürü olub, qarşıdakı illərdə ikitərəfli əlaqələrin sabit və dayanıqlı şəkildə inkişafına əlavə impulslar verir.
Xatırladaq ki, cari ilin avqust ayında Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli və ikitərəfli görüşlər, imzalanan mühüm sənədlər münasibətlərdəki intensivliyi gücləndirib. Təsadüfi deyil ki, Vaşinqton görüşü Azərbaycanın təkcə ABŞ-la deyil, Ermənistanla münasibətlərinin normallaşdırılması baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu görüşdə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu mexanizmin iki ölkə arasında münasibətlərin sistemli şəkildə inkişafı, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, qarşılıqlı maraqların koordinasiyası baxımından əhəmiyyətli olacağı şübhəsizdir. Yaradılmış İşçi Qrupunun fəaliyyəti siyasi dialoqu gücləndirməklə yanaşı, həm də konkret layihələrin reallaşmasına şərait yaradır.
Formalaşan qarşılıqlı etimad fonunda ABŞ Administrasiyasının son aylarda atdığı real siyasi-hüquqi addımlar ikitərəfli əlaqələrdə əvvəllər soyuqluq və ziddiyyətə səbəb olan baryerlərin aradan qaldırılmasına yönəlib. ABŞ Prezidentinin bu ilin avqust ayında Azərbaycana yardımları qadağan edən “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin hüquqi qüvvəsinin dayandırılması barədə imzaladığı rəsmi sənəd deyilənləri təsdiq edir. Rəsmi Bakı tərəfindən alqışlanan bu addım ölkəmizə qarşı xoş niyyətin, Azərbaycanın regional proseslərdə konstruktiv roluna verilən qiymətin, ən nəhayət, ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi niyyətinin əyani təzahürü olub. Bu, eyni zamanda, Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının Vaşinqton tərəfindən dəstəkləndiyini nümayiş etdirməklə, ölkəmiz üçün siyasi, iqtisadi və müdafiə sahələrində yeni imkanlar yaradıb.
Bu günlərdə ABŞ Konqresinə təqdim olunmuş H.R.6534 saylı qanun layihəsi də ölkəmizə qarşı konstuktiv münasibətin əyani göstəricisidir. ABŞ Nümayəndələr Palatasının rəsmi saytında yerləşdirilən məlumata əsasən, Florida ştatından olan Konqres üzvü Luna Anna Paulinanın təşəbbüsü ilə irəli sürülən yeni layihə Azərbaycana yardım göstərilməsinə mane olan məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Sənəd artıq Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə göndərilib və bu da Konqresin Azərbaycana münasibətdə ənənəvi qərəzli yanaşmalardan əl çəkdiyini nümayiş etdirən mühüm siyasi mesajdır.
H.R.6534 saylı qanun layihəsinin Konqresə təqdim edilməsi təkcə qanunvericilik təşəbbüsü deyil, həm də ABŞ-nin Cənubi Qafqazda formalaşan təhlükəsizlik arxitekturasında Azərbaycanı aparıcı tərəfdaş kimi qəbul etməsinin təsdiqidir. Azərbaycanın regiondakı sülh və əməkdaşlıq təşəbbüsləri, Orta Dəhlizdə oynadığı rol, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq nəqliyyat xətlərinin kəsişməsində yerləşməsi rəsmi Vaşinqtonun Şərq-Avropa-Asiya strategiyasına birbaşa təsir göstərən amillərdəndir. Bu səbəbdən Vaşinqton Bakını bölgədə sülh və sabitliyin təminatına töhfə verən aparıcı aktor kimi qiymətləndirir.
Azərbaycanla bağlı konstruktiv yanaşma həm də ABŞ-nin geosiyasi rəqabət fonunda müttəfiqlər dairəsini genişləndirmək istəyindən qaynaqlanır. Azərbaycanın regionda sülh təşəbbüslərinin fəal şəkildə irəli aparması da bu yanaşmanı gücləndirən amillərdəndir. Ermənistanla aparılan danışıqlarda ölkəmizin konstruktiv mövqeyi, sərhədlərin müəyyənləşdirilməsi sahəsində irəliləyişlər, Zəngəzur dəhlizi və digər logistika xətlərinin açılması yönümündə atılan addımlar ABŞ tərəfindən yüksək qiymətləndirilir. ABŞ administrasiyası və Konqres nümayəndələri dəfələrlə bildiriblər ki, Azərbaycan bölgədə uzunmüddətli sabitlik üçün real addımlar atan tərəfdir.
Azərbaycanla əməkdaşlığa mane olan hüquqi və siyasi baryerlərin aradan qaldırılması perspektivdə ikitərəfli münasibətlərdə yeni əməkdaşlıq paketlərinin formalaşmasına yol açacaq. Bu, xüsusilə müdafiə sahəsində təlim proqramları, sərhəd təhlükəsizliyi, suverenliyin qorunması, enerji layihələrinə dəstək və regional nəqliyyat təşəbbüslərinin maliyyələşdirilməsi kimi vacib sahələri əhatə edə bilər.
Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələsi müdafiə və təhlükəsizlik sahələrinə də müsbət təsirini göstərir. NATO çərçivəsində əməkdaşlığın genişləndirilməsi, regionda risklərin azaldılması və beynəlxalq təhlükəsizlik təşəbbüslərinə töhfələrin artırılması gündəmdə olan əsas istiqamətlərdəndir. Vaşinqton Administrasiyası ölkəmizin bu sahədəki rolunu yüksək qiymətləndirir və tərəfdaşlığın daha sistemli şəkildə inkişafına maraqlıdır.
MTM Analitik Qrup
