VARŞAVADA NÜMAYİŞLƏR ZAMANI KÜÇƏLƏRƏ 3 MİN POLİS ÇIXARILACAQ

Varşavada Qanun və Ədalət partiyası tərəfdarlarının Polşanın həbs olunan sabiq daxili işlər naziri Mariuş Kaminski və müavini Maçey Vonsikinin müdafiəsi üçün təşkil etdiyi nümayişlər zamanı asayişin qorunmasına 3 min polis əməkdaşı cəlb olunacaq.

RMF24 radiostansiyası xəbər verir ki, bunun üçün paytaxta təkcə Varşavadan deyil, digər qarnizonlardan da şəxsi heyətin cəlb edilməsi qərara alınıb. Həmçinin təhlükəsizliyə mülki geyimli polis əməkdaşları nəzarət edəcək.

Ən böyük nümayiş yerli vaxtla saat 16:00-da prezident sarayının önündə başlayacaq. Təşkilatçılar orada ən azı 50 min nəfərin iştirak edəcəyini bildirirlər.

Hazırda aclıq aksiyası keçirən Mariuş Kaminski və Maçey Vonsikinin saxlandığı istintaq təcridxanasına gücləndirilmiş polis qüvvələri yerləşdiriləcək.