VƏTƏNDAŞLARIN 2021-Cİ İLDƏN GÖZLƏNTİLƏRİ İLƏ BAĞLI KEÇİRİLƏN SORĞUNUN NƏTİCƏLƏRİ

“Media Təhlil Mərkəzi” tərəfindən insanların 2021-ci ildən gözləntilərini öyrənmək məqsədi ilə 29 dekabr – 3 yanvar tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edən 500 respondentin 48,8%-ini qadınlar, 51,2%-ini isə kişilər təşkil edib.

Respondentlərin 57,4%-i hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başa çatması ölkəmizin siyasi və diplomatik mövqelərinin daha da güclənməsinə səbəb olacaq. İştirakçıların 20,8%-i Azərbaycanın biznes və investisiya cəlbediciliyinin 2021-ci ildə daha da artacağını, 21.8%-i isə mühüm nəqliyyat-kommunikasiya layihələrinin icrasına başlanılacağını düşünür.

Sorğunun nəticələrinə əsasən, respondentlərin əksəriyyəti, yəni 42,6%-ı   pandemiyanın bu il bitəcəyinə ümid edir.

Cavab verənlərin 17,6%-ı iqtisadi artımın baş verəcəyini və əhali gəlirlərinin artacağını, 30%-i isə işğaldan azad edilən ərazilərə ilk köçürülmə prosesinin reallaşacağını qeyd edib. İştirakçıların 9,8%-inin 2021-ci ildən xüsusi gözləntisi yoxdur.

“2021-ci ildə pandemiyaya qalib gəlmək mümkün olacaqmı?” sualına cavab verənlərin 41,2%-i hesab edir ki, bu, vətəndaşların qaydalara əməl etməsindən asılı olacaq. İştirakçıların 28,4%-i vaksinləşmənin virusu lokallaşdıracağını, 19,2 faizi isə pandemiyanın növbəti ildə də davam edəcəyini düşünür. Respondentlərin 11,2 faizi isə hesab edir ki, virusun yeni mutasiyası fonunda pandemiyaya 2021-ci ildə qalib gəlmək çətin olar.