VƏTƏNDAŞ MƏMNUNLUĞUNA XİDMƏT EDƏN İDARƏETMƏ İSLAHATLARI

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində ölkədə reallaşdırılan çoxşaxəli islahatların mühüm hədəflərindən biri də idarəçiliyin bütün mərhələlərinin müasirləşdirilməsi, hesabatlılığın təmin edilməsi və dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsidir. Azərbaycan davamlı inkişaf yolunda olan ölkə kimi bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verir.
İnzibati tədbirlərlə paralel şəkildə reallaşdırılan institusional islahatlar ölkədə başlanmış prosesin sistem xarakterli olduğunu, korrupsiyaya qarşı mübarizədə ciddi siyasi mübarizənin mövcudluğunu bir daha təsdiqləyir.  Xatırlatmaq lazımdır ki, Dövlət başçısı İlham Əliyevin son 15 ildə imzaladığı bir sıra sənədlərdə, eləcə də 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də şəffaf idarəetmə modelinin reallaşdırılmasına xüsusi diqqət ayrılıb.
Prezident İlham Əliyev vətəndaş məmnunluğunun bütün idarəçilik pillələrində təmin edilməsini, vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə yeni dövrün aktual çağırışları, müasir meyarlar əsasında yanaşılmasını zəruri hesab edir. Dövlət başçısının vəzifəyə təyin etdiyi məmurlarqarşısında müəyyənləşdirdiyi başlıca tələb hər addımda qanunun aliliyinə əsaslanmaq, bürokratik və hüquqazidd davranışlara yol verməmək, insanlara vicdanla, məsuliyyətlə xidmət etmək, maksimum dərəcədə onların qayğı və problemlərinin həllinə çalışmaqdır. Son illərin təcrübəsi göstərir ki, kadr seçiminə daha tələbkar yanaşma idarəçilik sistemində neqativ və bürokratik halları aradan qaldırır, korrupsuya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin səmərəli nəticələr verməsini təmin edir. Mərkəzi və yerli icra hakimiyyətlərinə rəhbər təyin edilən şəxslərin əsasən müasir tələblərə cavab verən yüksək bilikli, ictimai fəallığı, işlədiyi sahələr üzrə təşəbbüskarlığı ilə seçilən gənclərdən ibarət olmaları ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Novator düşüncəli, islahatlara meyilli, menecer baxışlı vətənpərvər gənclər dövlət qulluğunda irəli çəkilməsi ümumən özünü doğrultsa da, təəssüf ki, bəzən onların arasında da etimadı doğrultmayanlara, əyri yola meyillənənlərə rast gəlinir.
Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara müsahibəsində bununla bağlı deyib: “Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, – belə hallar kifayət qədər çoxdur, – ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”.
Son illərdə mərkəzi və yerli icra hakimiyyəti strukturlarında şəffaflığa, hesabatlığa, “Açıq cəmiyyət” quruculuğu prinsiplərinə əsaslanan idarəetmə modelinin formalaşdırılması yeni mərhələdə aparılan kadr siyasətinin əsasını təşkil edir. Kadrların seçimi zamanı bəzi mərkəzi və yerli yerli icra hakimiyyətlərinin mənfi imicinin aradan qaldırılması, onlara qarşı ictimai etimadın yüksəldilməsi vacib meyarlardan biri kimi nəzərə alınır.
İslahatların hədəfi, eyni zamanda, bəzi mərkəzi və yerli yerli icra hakimiyyətləri fəaliyyəti ilə bağlı cəmiyyətdə formalaşmış mənfi ictimai rəyin aradan qaldırılmasıdır. Şəffaf idarəetmə meyarlarına uyğunlaşmaq istəməyən, xəbərdarlıqlardan nəticə çıxarmayan yüksək vəzifəli məmurlar barəsində sərt ölçülərin götürülməsi, habelə onların bəzilərinin cinayət məsuliyyətinə cəlb olunmaları, ilk növbədə, qanunun aliliyinin təmin edilməsi istiqamətində atılan addımlardır. Aidiyyəti hüquq-mühafizə orqanlarının bəzi dövlət qurumlarında apardığı əməliyyatlar, qanunsuz əməllərə yol verən şəxslərin saxlanılması, reallaşdırılan struktur dəyşiklikləri da şəffaflığın təmini ilə bağlı ciddi siyasi iradənin mövcudluğundan xəbər verir.
Prezident İlham Əliyev neqativ hallarla mübarizədə ictimai nəzarətin vacibliyini də xüsusi vurğulayıb: “Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına – buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.
Son 15 ildə “ASAN XİDMƏT”, “ASAN kommunal”, “DOST” kimi yeni idarəçilik modellərinin tətbiqində məqsəd məhz vətəndaş məmnunluğunu təmin etmək, ictimai həyatın bütün sahələrində bürokratik amillərin aradan qaldırılmasına nail olmaq, insan amilinin prioritetliyini təmin etməkdir. Bu tədbirlər eyni zamanda iş adamlarının fəaliyyətinə mane olan bürokratik amillərin aradan qaldırılmasına, sahibkarlığın dəstəklənməsinə, işsizliyin səviyyəsinin azaldılmasına, bir sözlə, islahatların sürətləndirilməsinə xidmət edir. Bunların nəticəsi olaraq, son illərdə bölgələrin mərkəzin dotasiyasından asılılığının tədricən aradan qaldırılır, sərmayə qoyuluşları təşviq edilir, bu məqsədlə şəffaf mühitin yaradlması təmin edilir.
Bundan əlavə, Prezident İlham Əliyevin sərəncamları əsasında son illərdə səhmləri dövlətə məxsus bir sıra qapalı səhmdar cəmiyyətlərində müşahidə şuralarının yaradılması da həmin qurumların fəaliyyətində müasir idarəetmənin və menecmentin tətbiqinə, şəffaflığın və hesabatlığın təmin olunmasına xidmət edib. Bəzi dövlət şirkətlərinə ümumi nəzarətin Azərbaycan İnvestisiya Holdinqinə keçməsi idarəetmədə menecment prinsiplərinin, texnoloji yeniliklərin tətbiqinə imkan verməklə, maliyyə vəsaitlərindən şəffaf və məqsədyönlü istifadəni, hesabatlılığı təmin edib.

MTM Analitik Qrup