ÜST KORONAVİRUS ƏLEYHİNƏ SAYCA DOQQUZUNCU OLAN “COVOVAX” VAKSİNİNİN TƏTBİQİNİ TƏSDİQLƏYİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 əleyhinə “Covovax” vaksinini fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına daxil edib. BMT-nin Xəbərlər xidməti xəbər verir ki, bu vaksin ABŞ-ın Novavax şirkətinin lisenziyası ilə Hindistanın Serum İnstitutunda istehsal edilir.
Vaksinin ÜST-nin fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına daxil edilməsi onun COVAX təşəbbüsü vasitəsilə tədarükü üçün zəruri şərtdir.
ÜST-nin Baş direktorunun köməkçisi Mariancela Simao bildirib ki, koronavirusun yeni variantlarının peyda olunmasına baxmayaraq, vaksinlər insanları xəstəliyin ən ağır formaları və ölümdən qorunması üçün ən effektiv vasitələrdən biri olaraq qalırlar.
Simao ümid edib ki, “Covovax”ın fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına daxil edilməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, əhalinin vaksinlərə çıxışını genişləndirəcək. Bu ölkələrin 41-də koronavirus əleyhinə peyvəndlər əhalinin 10 faizindən az hissəsinə vurulub.
ÜST bu qənaətə gəlib ki, “Covovax” COVID-19 əleyhinə müdafiədə təşkilatın standartlarına uyğundur. “Covovax” preparatı ilə vaksinasiya iki dozanın tətbiqini nəzərdə tutur. Vaksin 2 ilə 8 arasında Selsi üzrə temperaturda saxlanıla bilər.
Bu, ÜST tərəfindən təsdiq olunan COVID-19 əleyhinə artıq doqquzuncu vaksindir. Bundan əvvəl fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına Modernа, Pfizer, Janssen (Johnson&Johnson), AstraZeneca şirkətlərinin istehsal etdikləri preparatlar, Çinin istehsal etdiyi “Sinopharm” və “Sinovac”, eləcə də Hindistan istehsalı olan “Covaxin” və “Covishield” daxil edilmişdi.