Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun fikrincə, dünya koronavirus pandemiyasının fəsadlarını hələ onilliklər ərzində hiss edəcək.
Baş direktor bu barədə ÜST və Millətlər Birliyinin katibliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanması mərasimində çıxış edərkən bildirib.
Gebreyesus deyib: “Bu pandemiyanın təsiri, xüsusilə daha həssas qruplar arasında, hələ onilliklər boyu hiss olunacaq”. Onun sözlərinə görə, pandemiyanın müddəti uzandıqca, onun fəsadları daha ciddi olacaq.
Baş direktor qeyd edib ki, yaranmış vəziyyətdə ÜST-nin qarşıya qoyduğu 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin azı 70 faizinin koronavirus əleyhinə peyvəndlənməsinin nəzərdə tutulduğu hədəfə nail olunmasında dövlətlər arasında qarşılıqlı fəaliyyət olduqca vacibdir. Bundan başqa, belə qarşılıqlı əlaqə səhiyyə və inklüziv iqtisadi bərpa sistemlərinin möhkəmləndirilməsi üçün tələb olunur.
ÜST rəhbəri bildirib ki, hazırda Millətlər Birliyi ölkələrinin əhalisinin yalnız 42 faizi koronavirus əleyhinə tam vaksinlənmə kursunu keçib və bu baxımdan ayrı-ayrı dövlətlər arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur. Belə ki, Birliyin Afrika ölkələrində vaksinlənmənin orta səviyyəsi yalnız 23 faiz təşkil edir.
Bu uyğunsuzluğu adlamağı təcili prioritet adlandıran Gebreyesus xatırladıb ki, 54 ölkəni və 2,5 milyard nəfəri təmsil edən Millətlər Birliyi ÜST üçün unikal tərəfdaşlardandır.