Cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium təşkil edib.
Tədbir Vahid Sağlamlıq yanaşmasını və insan-heyvan-ətraf mühit interfeysində təhdidləri azaltmaq üçün davamlı strategiyaların işlənib hazırlanmasında onun mühüm rolunu anlamaq üçün yerli və beynəlxalq tərəfdaşları bir araya gətirib.
Simpozium potensial təhlükələri azaldan, iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldıran və bütün sektorlarda davamlılığı təşviq edən davamlı strategiyaların işlənib hazırlanması üçün hərtərəfli çərçivə sənədini təklif edib. Tədbirdə COP29 üçün nəzərdə tutulan müzakirələr və məqsədlərə uyğun olaraq, iqlim dəyişikliyi ilə mübarizə üçün inteqrasiya olunmuş sağlamlıq və ətraf mühit siyasətlərinə ehtiyac olması vurğulanıb.
Simpoziumda COP29 sədrliyi, müvafiq nazirliklər, universitetlər, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər və BMT agentliklərinin qərar qəbul edən şəxsləri və texniki ekspertləri iştirak ediblər.
İştirakçılar sektorlararası əməkdaşlığın təşviqi, yerli və qlobal səviyyələrdə Vahid Sağlamlıq prinsiplərinin həyata keçirilməsi üçün effektiv strategiyaların işlənib hazırlanmasına yönəlmiş müzakirələrdə iştirak ediblər. Son onillikdə əhəmiyyətli dərəcədə rolu böyüyən Vahid Sağlamlıq yanaşması insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini vurğulayır. Bu inteqrasiya olunmuş strategiya iqlim dəyişikliyi, zoonoz xəstəliklər və ətraf mühitin deqradasiyası nəticəsində yaranan çoxşaxəli problemlərin həlli üçün vacibdir.
Vahid Sağlamlıq əvvəlki COP tədbirlərində də əsas müzakirə mövzusu olub. COP27-də “Ətraf Mühitin Vahid Sağlamlığa inteqrasiya edilməsi” adlı yanaşı tədbir insanların və heyvanların rifahının təmin edilməsində ətraf mühitin sağlamlığının mühüm rolunu vurğulayıb. Xüsusilə iqlim dəyişikliyi kontekstində ekoloji mülahizələrin Vahid Sağlamlıq fəaliyyətlərinə inteqrasiyası üçün strategiyalar müzakirə edilib. COP28 zamanı ətraf mühitin sağlamlığının Vahid Sağlamlıq yanaşmasına daxil edilməsinin vacibliyini vurğulayan Vahid Sağlamlıq Birgə Fəaliyyət Planı təqdim olunub. Bu plan, Vahid Sağlamlığın iqlim dəyişikliyinin çoxşaxəli təsirlərinin aradan qaldırılmasında mühüm roluna diqqət çəkərək beynəlxalq iqlim və sağlamlıq siyasəti dialoqlarında onun əhəmiyyətini gücləndirib.
Tədbir müzakirələrlə davam etdirilir.