USAID-İN ÇOXAYLI BEYNƏLXALQ CİNAYƏTLƏRİ ÜZƏ ÇIXIR, AGENTLİYİN DÜNYADA SABİTLLİK ÜÇÜN CİDDİ TƏHDİD MƏNBƏYİ OLDUĞU TƏSDİQLƏNİR 

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ətrafında baş verən proseslər okeanın o tayında daxili gərginliyə səbəb olmaqdadır. Çoxsaylı maliyyə maxinasiyaları, mənimsəmələrə yol verən agentliyin fəaliyyətinin dayandırılması ilə bağlı yeni ABŞ administrasiyasının addımlarına qarşı artıq ciddi bir müqavimətin göstərildiyi müşahidə edilir. USAID-in fəaliyyətinin tərəfdarı olanlar Konqresdəki Demokratların təmsilçiləri, müxtəlif ştat məhkəmələri vasitəsilə məqsədlərinə nail olmağa can atırlar.

Artıq Amerikanın federal hakimi Karl Nikols ABŞ hökumətinin USAID əməkdaşlarının əksəriyyətini inzibati məzuniyyətə buraxmaq barədə qərarını dayandırıb. Düzdür, bu qərar müvəqqəti xarakter daşıyır və hakimə məsələni daha ətraflı öyrənmək imkanı vermək üçün əlavə vaxt lazım olması ilə izah edilir. Lakin yekunda USAID-lə bağlı Donald Tramp administasiyasının qərarının ümumiyyətlə, məhkəmə tərəfindən ləğvi istisna olunmur. Məhz belə bir vaxtda USAID-in xeyli sayda indiki və keçmiş əməkdaşı qurumla bağlı hökumətin addımlarından çoxsaylı məhkəmə şikayətləri veriblər. Məhkəmə iddiasında yer alan əsas məqamlardan biri də odur ki, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri olan İlon Maskın USAID-in fəaliyyətinin dayandırlması istiqamətində indiki  çərçivədə fəaliyyəti qanunsuzdur. Sözügedən fəaliyyətin reallaşdırılması üçün qeyd olunur ki, ABŞ Senatı müvafiq razılıq verməlidir.

Bununla yanaşı, Demokratlar Partiyasını təmsil edən bir qrup konqresmen USAID-in fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün müvafiq qanun layihəsi hazırlayıblar. ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Sara Ceykobs iddia edir ki, USAID-in ləğvi ilə bağlı hökumətinin atdığı addımlar “tamamilə qanunsuzdur”.  Halbuki, USAID-in fəaliyyətində çoxsaylı qanun pozuntuları, külli-miqdarda mənisəmələr meydana çıxıb və bu hal illərlə davam edib, sistemli xarakter daşıyıb. Bununla yanaşı, USAID-in maliyyə ayırdığı bir çox layihələr Donald Trampın administrasiyasının bəyan etdiyi kimi pulların sui-istifadə edilməsindən başqa heç nəyə xidmət etməyib. Ağ Ev bəzi belə layihələrin siyahısını da təqdim edib. Həmin siyahıya əsasən, “Serbiyada iş yerlərində və biznes icmalarında bərabərlik və inklüzivliyin təşviq edilməsi” üçün 1,5 milyon dollar, DEI musiqi sinqlinin  İrlandiyada istehsalı üçün 70 min dollar, Vyetnam üçün elektrikli avtomobillərə 2,5 milyon dollar, Kolumbiyada  transgender operasının səhnələşdirilməsi üçün 47 min dollar, Peruda “transgender komiksi” üçün 32 min dollar, Qvatemalada cinsiyyətin dəyişdirilməsi və “LGBT fəallığı” üçün 2 milyon dollar, Misirdə turizmi maliyyələşdirmək üçün 6 milyon dollar USAID tərəfindən sərf olunub. Ağ Ev həmçinin bildirib ki, USAID Çinin Uhan şəhərindəki laboratoriyada tədqiqatda iştirak edən EkoSağlamlıq Alyansına milyonlarla dollar yardım edib. O da qeyd olunur  ki, USAID həmçinin Suriyadakı “Əl-Qaidə” döyüşçüləri üçün qida əldə olunmasına və inkişaf etməkdə olan ölkələrdə doğuşa nəzarət üçün “fərdiləşdirilmiş” kontraseptivlərin hazırlanmasını da maliyyələşdirib. Bəzi maliyyələşdirilmiş layihələr isə ABŞ-nin maraqları ilə birbaşa ziddiyyət təşkil edib. 

Ümumiyyətlə, USAID bu günə kimi bütün dünyada on minlərlə layihə həyata keçirib, onları maliyyələşdirib və idarə edib. Agentliyin ümumi büdcəsi hər il üçün 50 milyard dollardan bir qədər çox olub. Özü də bu rəqəmə tərəfdaş təşkilatların, kəşfiyyat xidmətlərinin və xarici hökumətlərin birgə layihələrə verdiyi vəsait daxil deyil. Bunlara paralel olaraq, artıq bir çox ölkələr də  USAID-in ərazilərində qanunsuz fəaliyyətinin araşdırlmasını tələb edirlər. Məsələn, Slovakiyanın baş naziri Robert Fiko İlon Maska məktub göndərərək, USAID-in ölkəsinə ayırdığı qrantlar haqqında məlumat istəyib. Baş nazirin məktubunda qeyd olunur: “Şübhəsiz ki, USAID-dən gələn vəsait Slovakiyada siyasi məqsədlər üçün, respublikanın siyasi sistemini təhrif etmək və müəyyən siyasi partiyaları dəstəkləmək üçün istifadə edilib”. Fikonun fikrincə, respublika üçün zəruri olan layihələri Slovakiyanın daxili işlərinə kobud müdaxilədən ayırmaq üçün Slovakiyada qeyri-hökumət təşkilatları, media subyektləri və ayrı-ayrı jurnalistlər üçün USAID-in qrantları və subsidiyaları haqqında məlumat əldə etmək lazımdır. 

Venesuelanın baş prokuroru Tarek Uilyam Saab isə qeyd edir ki, sağçı müxalifət Venesuela hökumətinə qarşı çevriliş cəhdi hazırlamaq üçün USAID-in maliyyə vəsaitindən istifadə edib: “USAID-dən pul alan venesuelalı sağçı ekstremistlər həmin vəsaitdən qanuni hökumətə qarşı sui-qəsd hazırlamaqda istifadə etdiklərinə görə təhqiqat altındadırlar”. Onun sözlərinə görə, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID-in vəsaitlərindən qeyri-qanuni istifadəyə imkan verən korrupsiya sxemləri ilə bağlı araşdırmalar aparılır.

Qeyd edilməlidr ki, Azərbaycan Milli QHT Forumu da  USAID ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa və İlon Maska müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub: “Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub. İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-ın müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir. Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz”.

Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla qeyd edir ki, USAID həmişə Kubada konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub. Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməliyyatlar aparmaq üçün 6 milyon dollardan çox istifadə edib. 2001-ci ildən 2006-cı ilə qədər USAID kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61 milyon dollar ayırıb.  

Bütün bunlar fonunda USAID-in ərazilərində qanunsuz fəaliyyəti ilə bağlı araşdırma aparılmasını tələb edən, bu istiqamətdə artıq müəyyən addımlar atan ölkələrin sayı artır. İlon Maskın dediyi kimi belə bir cinayətlar təşkilatın fəaliyyətinin saxlanılması yolverilməzdir. Buna rəğmən, USAID-dən öz çirkin məqsədləri və başqa ölkələrə qarşı “yumşaq güc” aləti olaraq istifadə etmək niyyətində olanlar agentliyin saxlanılması istiqamətində ABŞ-də Tramp hakimiyyətinə qarşı mübarizəyə başlayıblar. Bu da o deməkdir ki, USAID ABŞ daxilində də bundan sonra gərginlik mənbəyi olaraq qalacaq.

MTM Analitik Qrup