URUQVAY MƏTBUATI AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİNDƏN YAZIB

Uruqvay Şərq Respublikası mətbuatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Məqalədə Heydər Əliyevin xalqını dövrün mürəkkəb tarixi və siyasi sınaqlarından uğurla çıxaran, daimi mübarizə yolu ilə müstəqilliyə aparan qüdrətli şəxsiyyət olduğu vurğulanıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin bütün dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, millətin xilaskarı Heydər Əliyev çox mənalı və əlamətdar bir ömür yaşayıb. Azərbaycan xalqı hər il mayın 10-da Ulu Öndəri anır.

Məqalədə, həmçinin qeyd olunub ki, 1993-cü ilin ortalarında xalqın təcili tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyət və xilaskarlıq missiyasını öz çiyninə götürdü. 1993-cü ilin 15 iyun tarixi salnaməmizə Milli Qurtuluş Günü kimi yazılıb. Ümummilli Lider Azərbaycanı çətin sınaqlardan, siyasi tufanlardan salamat, sakitlik limanına çıxara bildi. Separatizmin və dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə almaqla ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Nizami ordu Ermənistanın torpaqlarımıza sonsuz hücumlarını dayandıra bildi və Qarabağ müharibəsində atəşkəsə nail oldu.

“Ölkə iqtisadiyyatına gəlincə, Ulu Öndər Heydər Əliyev uğurun açarının harada olduğunu bilirdi. Bilirdi ki, ölkəni ağır vəziyyətdən, dərin sosial-iqtisadi böhrandan yalnız neft gəlirlərinin köməyi ilə çıxarmaq olar. Neft dənizin dibində idi, Azərbaycanın onu hasil etməyə gücü çatmazdı. Heydər Əliyev Amoko, BP, Unocal, LUKoil, Statoil, Exxon, Itoch kimi nəhəng şirkətləri razı sala bildi. Nəhayət, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafı və uğurlarının başlanğıc nöqtəsi oldu. Beləliklə, tənəzzüldən yüksəlişə doğru çətin, lakin həlledici uğur yolu başladı.

Ulu Öndər hesab edirdi ki, dövlətin həyatında ən mühüm amil hər bir dövlətin mövcudluğunun əsasını təşkil edən iqtisadi inkişafdır. Bu gün Azərbaycan Heydər Əliyev ideyalarının işığında iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilib”, – deyə məqalədə vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin strategiyasını – Azərbaycanın inkişafı və müasirləşməsinə xidmət edən dövlət quruculuğu siyasətini uğurla davam etdirir.