
Noyabrın 2-də qeyd edilən Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Günündə UNESCO seçkilər zamanı jurnalistlərə qarşı zorakılıq hallarının narahatlıq doğuran artımını vurğulayan yeni məlumatlar dərc edib.
Təşkilatın saytında bildirilib ki, 2019-cu ilin yanvarından 2022-ci ilin iyununa qədər UNESCO 70 ölkədə 89 seçki zamanı jurnalistlərə qarşı törədilən 759 fərdi hücumu, o cümlədən 5 qətli sənədləşdirib.
UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Tevfik Celassi deyib: “Jurnalistlər heç vaxt təhdid edilməməli, hücumlara məruz qalmamalı və ya onların sərbəst reportaj hazırlamasına maneələr olmamalıdır. Biz hökumətləri jurnalistlərin təhlükəsizliyini qorumaq və seçki dövrləri də daxil olmaqla, ifadə azadlığı və məlumat əldə etmək hüququnu təmin etmək üçün əlavə tədbirlər görməyə çağırırıq. Bu iki əsas insan hüququ demokratiya üçün çox vacibdir”.
Müraciətdə son 7 gündə Yaxın Şərqdə olan vəziyyət “jurnalistlər üçün ən ölümcül həftə” kimi xarakterizə edilib. Lakin məlumatlar göstərir ki, jurnalistlər böhran vəziyyətlərindən kənarda da ciddi risklərlə üzləşir.
UNESCO-nun məlumatında bildirilir ki, 2024-cü ildə müxtəlif ölkələrdə 2.6 milyard insan seçkiyə gedəcək. Jurnalistlər bu proseslərdə ictimaiyyətin dəqiq məlumatlara çıxışının təmin edilməsində mühüm rol oynayacaqlar. UNESCO bu kontekstdə “Hüquq-mühafizə orqanlarının rolu: ictimai nümayişlər və seçkilər zamanı jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi” adlı yeni hesabatında media nümayəndələrinin sərbəst reportaj hazırlamasına mane olan yolları müəyyən edib və bununla bağlı tövsiyələr verib.
UNESCO-nun məlumatına görə, seçkilər zamanı jurnalistlərə qarşı edilən 759 hücumun 42 faizi təhlükəsizlik qüvvələri tərəfindən törədilib. Bu hücumlar müxtəlif situasiyalarda – mitinqlərdə və ya kütləvi nümayişlərdə, jurnalistlərin və media işçilərinin ofisində və evlərində baş verib.
Hücumların daha 58 faizi fiziki və şifahi olub, nümayişçilər və etirazlarda iştirak edən ictimaiyyət nümayəndələri tərəfindən həyata keçirilib. Təcavüzə məruz qalan jurnalistlərin 29 faizi (218 nəfəri) qadınlardır.
UNESCO-nun hesabatında “Access Now” və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatlarına istinad edilir. Bu sənəddə vurğulanır ki, 2013-cü ildən bəri UNESCO və onun tərəfdaşları 150 ölkədə 11500 polis əməkdaşına təlim keçib. Bu təlim effektivdir, çünki polis jurnalistlərlə rəftar qaydalarını öyrənir, həmçinin hər iki qrupun bir-birinin rol və məsuliyyətlərini başa düşməsi üçün müvafiq biliklər verilir.