UNESCO AZƏRBAYCAN, FRANSA, Aİ ŞURASI VƏ ERMƏNİSTAN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜNDƏ İRƏLİ SÜRÜLMÜŞ TƏKLİFLƏRİ NƏZƏRDƏN KEÇİRƏ BİLƏR

UNESCO Azərbaycan, Fransa, Aİ Şurası və Ermənistan rəhbərlərinin görüşündə irəli sürülmüş təklifləri nəzərdən keçirə bilər.

Bu barədə UNESCO-dan bildiriblər.

Qeyd edək ki, fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsinə dair razılıq əldə olunub.

Təşkilatdan bildiriblər ki, UNESCO 1954-cü il konvensiyası çərçivəsində Müstəqil texniki missiya üçün şəraitin yaradılması üzrə bütün müvafiq tərəflərlə işləyir.

“Ona görə də UNESCO faydalı ola biləcək bütün ideya və təşəbbüsləri, eləcə də regional təşkilatlar və ayrı-ayrı ölkələrin təşəbbüsünü alqışlayır. Bu baxımdan fevralın dördündə keçirilmiş görüşdə irəli sürülən fikirlər nəzərdən keçirilə bilər. UNESCO həmin fikirləri Azərbaycan və Ermənistanla əməkdaşlıqda dəyərləndirəcək”, – deyə təşkilatdan bildiriblər.