Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qoyulmuş dünya əhalisinin ən azı 10 faizinin sentyabr ayının sonuna qədər koronavirus əleyhinə peyvəndlə əhatə olunması hədəfinə nail olmaq mümkündür və bu istiqamətdə irəliləyiş əldə edilib. Bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə ÜST üzv dövlətlərinin nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
“Biz 10 faiz hədəfimizə nail ola bilərik, lakin bir şərtlə ki, bütün üzv ölkələr həmrəylik göstərərək, birlikdə çalışsınlar”, – deyə o qeyd edib. Baş direktor, bununla bağlı, bu məqsədə doğru gedən müsbət nəticələrə diqqət yetirib. “Biz irəliləyişə nail oluruq”, – deyə Tedros Qebreyesus bildirib. “Artıq 140 ölkənin əhalisinin ən azı 10 faizi peyvənd olunub”.
ÜST rəhbəri xatırladıb ki, “qlobal məqsəd, hər bir ölkəyə sentyabr ayının sonuna qədər əhalisinin ən azı 10 faizini, ilin sonuna qədər ən azı 40 faizini və dünya əhalisinin 70 faizini gələn ilin ortasına qədər peyvənd etməyə kömək etməkdən ibarətdir”. O, “dünyanın bir çox yerində” koronavirus əleyhinə peyvənd etmənin səviyyəsinin iki faizdən az olduğu faktını “qəbuledilməz” adlandırıb. “Bax buna görə biz ən azı sentyabr ayının sonuna qədər buster dozalara qlobal moratorium elan etməyə çağırırdıq”, – deyə Tedros Qebreyesus vurğulayıb.