UKRAYNADA “BAYRAKTAR” PUA-LARININ İSTEHSALI ZAVODUNUN TİKİNTİSİNƏ BAŞLANILIB

Ukraynada Türkiyənin “Baykar” şirkəti tərəfindən “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodunun tikintisinə başlanılıb.

Bu barədə Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin milli telemarafonun efirində bildirib.

“Bir neçə ildir Ukraynada müzakirə olunan “Bayraktar” zavodundan danışsaq, bu zavodda artıq tikinti işlərinə başlanılıb. Söhbət Ukraynada istehsaldan gedir”, – deyə O.Kamışin əlavə edib.

Nazir zavodun tikintisi ilə bağlı real addımlara keçildiyini vurğulayıb.

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar 2022-ci ilin avqustunda demişdi ki, “Bayraktar” PUA-sının istehsalı üçün zavodun tikintisi bir neçə ay çəkəcək və müəssisə 2023-cü ildə işə başlaya biləcək. Lakin sonradan səfir hərbi əməliyyatlar səbəbindən zavodun inşası planlarına dəyişiklik edildiyini açıqlamışdı.