UKRAYNA MİLLİ JURNALİSTLƏR İTTİFAQI KƏLBƏCƏR RAYONUNDA BAŞ VERƏN FACİƏ İLƏ BAĞLI NARAHATLIĞINI BİLDİRİR

Ukrayna Milli Jurnalistlər İttifaqı Kəlbəcər rayonunda baş verən faciə ilə bağlı narahatlığını bildirir. Biz həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı veririk.

Bu barədə İttifaqın sədri Sergey Tomilenko bildirib.

O deyib: “Bizim İttifaq azərbaycanlı həmkarlarımızın həlak olması ilə bağlı təəssüfləndiyini bildirir. Biz jurnalistlərin və mülki əhalinin müdafiə olunması tələbi ilə bağlı Beynəlxalq və Avropa Jurnalistlər Federasiyalarının çağırışına qoşuluruq. Beynəlxalq hüquq normalarına və beynəlxalq razılaşmalara qeyd-şərtsiz riayət olunmalıdır.

Ukrayna Milli Jurnalistlər İttifaqının rəhbəri əlavə edərək vurğulayıb: “Ümidvarıq ki, biz birgə səylərimizlə Qarabağı jurnalistlər üçün təhlükəsiz edəcəyik!”.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan jurnalistlərin olduğu KamAZ avtomobili iyunun 4-də səhər saat 11 radələrində Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb, nəticədə 3 nəfər – AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib.