Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar Ukrayna mediasının diqqət mərkəzində olub.
“RBK-Ukrayna”, UNIAN, “Yevropeyskaya Pravda”, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövlət başçımızın Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb.
“RBK-Ukrayna” agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, əlindən gələni edəcəyini vəd edib. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir.
“RBK-Ukrayna” saytındə dərc edilən digər məlumatda isə Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə dövlət başçımızın fikirləri yer alıb.
“Yevropeyskaya Pravda” nəşrinin məqaləsində yazılır ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb. Bu saytda dərc edilən digər məqalədə isə, həmçinin dövlət başçımızın kolonializmdən əziyyət çəkən bütün xalqlara dəstəyinə dair fikirlər qeyd olunub.
UNIAN, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər xəbər portallarında dərc olunan məqalələrdə də bu mövzulara diqqət yetilirib.