UKRAYNA KİV-LƏRİ PREZİDENT İLHAM ƏLİYEVİN QLOBAL BAKI FORUMUNDA ÇIXIŞINI GENİŞ İŞIQLANDIRIB

Ukraynanın “İnterfax-Ukrayna” informasiya agentliyi və “asmedia.kiev.ua” xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin VIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışı ilə bağlı məqalələr dərc edib.
Məqalələrdə dövlət başçımızın sitatlarına istinadla azad olunmuş ərazilərimiz barədə fikirlərinə geniş yer ayrılıb. Qeyd olunub ki, Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür. Daha sonra vurğulanıb ki, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, BMT-nin qətnamələri daha 27 il də kağız üzərində qalardı.
Məqalədə yazılır ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə başlamaq üçün təklif irəli sürüb, lakin təklif hələ cavabını almayıb.
Digər məqalədə Prezidentin çıxışında pandemiya dövrünə dair fikirlər yer alıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırıb. Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırıb.