
Martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətinin İstanbulda keçirilən növbəti görüşü başa çatıb.
Nümayəndə heyətləri arasındakı görüş media üçün qapalı şəraitdə keçirilib.
Görüşdən sonra ilkin açıqlama verən Ukrayna heyəti Türkiyə də daxil olmaqla bir çox ölkənin zamin olmasını istədiklərini bildirib.
Açıqlamada deyilir: “Təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmaq mümkün olmadı. Türkiyə zamin olmaq istədiyimiz ölkələr sırasındadır. Biz İngiltərə, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, Polşa və İsraili qarant kimi görmək istərdik. Əgər bizə hücum ediləcəksə, hərbi əməliyyat keçirəcəyiksə, təcili zirvə çağırmaq hüququmuz olmalıdır. Bu sammitdə bir şey həll olunmasa, ölkələr bizə dəstək göstərəcək. Bu, bizim ən vacib maddəmizdir. Bu bəndi əlavə edə bilsək, Ukrayna indiki statusunu sabitləyəcək. Xarici mərkəzlərimizdə əcnəbi əsgər olmayacaq. Biz NATO-ya daxil olmayacağıq. Bizim Avropa İttifaqına daxil olmağımıza heç kim mane ola bilməyəcək. Bu, müqavilənin ən mühüm məqamlarından biridir. Təhlükəsizlik təmin olunarsa, neytral statusa keçirik. Krım və buna bənzər bölgələr ayrıca dəyərləndirilməlidir. Heç bir referendum təzyiq altında keçirilməməlidir”.
Qeyd edilib ki, qarşıdan gələn iki-üç həftə ərzində müzakirələr davam edəcək və zamin ölkələr bu görüşlərə dəvət ediləcək. Zamin ölkələrin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə birgə bəyanatın imzalanması da nəzərdə tutulur.
Bildirilib ki, bugünkü müzakirələrin nəticələrindən asılı olaraq Rusiya və Ukrayna dövlət başçılarının görüşü müzakirə oluna bilər.