Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-dən bildirilib ki, yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.
Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirmiş və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim etmişlər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.
Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulub.