
Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edir.
Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq olacaq. Burada ölkəmizin tarixi və mədəni irsinə dair kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənəcək. Ziyarətçilər qədim sənətkarlıq ənənələrimizi əks etdirən əl işləri ilə də tanış ola biləcəklər.
Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri” adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və kəlağayı nümunələri nümayiş olunacaq. Həmçinin xalça toxuma, şəbəkə sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri keçiriləcək.
Sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi yeməkləri və şirniyyatları təqdim olunacaq, ölkəmizin qonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.
Avqustun 5-də konfransın açılış mərasimi çərçivəsində qala-konsert təşkil ediləcək. Avqustun 6-a “Azərbaycan Milli Günü” münasibətilə möhtəşəm konsert proqramı, 8-də isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun qala-konserti baş tutacaq.
