
Türkmənistan KİV-ləri Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı – SPECA-nın Həftəsinə geniş yer ayırıblar.
Türkmənistan KİV-lərində dərc edilən yazılarda Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı – SPECA-nın 25 illik yubileyi münasibətilə bir sıra tədbirlərin, o cümlədən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin təşkil edildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin 4 min kvadratmetrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.
Türkmənistan KİV-ləri vurğulayıblar ki, SPECA-nın 25 illik yubileyi münasibəti ilə təşkil olunan sərginin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. O, Türkmənistan stendinə baxıb və burada dövlət müəssisləri və özəl şirkətlərin istehsal etdiyi məhsulların nümunələri ilə tanış olub.
Materiallarda vurğulanır ki, SPECA sammiti ərəfəsində təşkil olunan sərgidə iştirakçı dövlətlər iqtisadi potensiallarını və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını təqdim ediblər. Türkmənistanın Ticarət-Sənaye Palatası və Sənayeçilər və Sahibkarlar İttifaqı tərəfindən hazırlanan Türkmənistan pavilyonunun stendləri sərgiyə gələnlərə ölkənin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nümayiş etdirib. Foto və videoçarxlar respublikanın enerji potensialını, müxtəlif sənaye sahələrinin məhsullarını, tikinti miqyasını və “ağıllı” Arkadağ şəhərini təqdim edib. Burada, həmçinin toxuculuq sənayesi məhsulları, milli sənətkarlıq məmulatları, türkmən sahibkarlarının mal və xidmətləri təqdim olunub.
SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və onların dünya iqtisadiyyatına inteqrasiyasını dəstəkləməkdir.

