
“Türkiye” qəzetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub.
Nəşr 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində ermənilərin və bolşeviklərin törətdiyi qanlı cinayətlər barədə oxuculara məlumat verib. Qəzetin məqaləsində diqqətə çatdırılır ki, cəmi bir neçə gün ərzində Azərbaycanda, o cümlədən Naxçıvanda və Zəngəzurda 50 minə qədər dinc sakin qətlə yetirilib.
Qəzet yazır: “Ermənilərin törətdiyi qanlı cinayətlər silsiləsi yalnız Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və ölkənin erməni quldur dəstələrindən təmizlənməsi ilə dayandırılıb”.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Sərəncamı xatırladılır və faciəli tarixlə bağlı Prezident İlham Əliyevin sosial şəbəkələrdə dərc etdiyi paylaşıma diqqət yetirilir.
Materialın sonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə davam edən təxribatları barədə məlumat verilir.