TÜRKİYƏSİZ AVROPA NATAMAM AVROPADIR

Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər son onilliklərdə bir çox dalğalanmalarla müşayiət olunub. 1963-cü ildə Ankara anlaşması ilə başlayan inteqrasiya prosesi 1999-cu ildə namizədlik statusunun tanınması ilə yeni mərhələyə qədəm qoydu. Lakin son 15 ildə tərəflər arasında yaranmış siyasi, institusional və ideoloji fərqliliklər bu prosesin faktiki olaraq “dondurulmasına” gətirib çıxardı. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Estoniyaın xarici işlər naziri Margus Tsahkna ilə görüşdə səsləndirdiyi “Zamanın ruhu, Türkiyə-Avropa İttifaqı münasibətlərinə uzunmüddətli maraqlar baxımından yanaşmağı zəruri edir” fikri, əslində, bu prosesin yenidən aktuallaşdığını göstərir.
Hakan Fidanın bəyanatı diplomatik ritorikadan daha çox strateji çağırış kimi qiymətləndirilməlidir. Belə ki, “Zamanın ruhu” ifadəsi ilə Türkiyə diplomatiyası iki əsas məqamı vurğulayır. Birincisi, regional və qlobal konfiqurasiya dəyişib, Ukrayna müharibəsi, Yaxın Şərqdə qeyri-sabit vəziyyət, miqrasiya böhranı və enerji təhlükəsizliyi Avropanı Türkiyəsiz təsəvvür etməyi mümkün etmir. Ankara bu reallığı Avropa İttifaqına xatırladır. Yəni Türkiyəni kənarda saxlamaq artıq Avropanın öz maraqlarına ziddir. İkinci məsələ Avropa İttifaqının strateji vizyon böhranı ilə bağlıdır. Avropa İttifaqı uzun illərdir Türkiyəyə münasibətdə “mədəni və siyasi skeptisizm” içindədir. Fidanın “eyni qətiyyəti Avropa İttifaqı tərəfi də nümayiş etdirməlidir” sözləri bu tərəddüdün artıq dövrün tələbləri ilə ziddiyyət təşkil etdiyini göstərir.
Digər mühüm məsələ Ankara-Brüssel xəttində yeni mərhələyə keçid ehtiyacıdır. Son illərdə Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin əsas çərçivəsini qaçqın razılaşması, enerji marşrutları və təhlükəsizlik əməkdaşlığı təşkil edir. Lakin bu münasibətlər “funksional əməkdaşlıq” səviyyəsində qalıb, “tamhüquqlu inteqrasiya” istiqamətində irəliləyiş müşahidə olunmayıb. Fidanın bəyanatı göstərir ki, Ankara artıq tək tərəfli öhdəliklər mərhələsindən çıxmaq istəyir. Türkiyə Avropa İttifaqından Gömrük ittifaqının yenilənməsini, viza azadlığı prosesinin sürətləndirilməsini və namizəd ölkə statusunun siyasi blokadadan çıxarılmasını tələb edir. Bu, faktiki olaraq Avropa İttifaqı ilə münasibətlərin yenidən çərçivələnməsi mərhələsinin başlanğıcıdır. Avropa üçün Türkiyənin strateji çəkisinə gəlincə, qeyd etməliyik ki, Avropa İttifaqının təhlükəsizlik, enerji və demoqrafik sabitlik baxımından Türkiyəyə ehtiyacı indi heç vaxt olmadığı qədər daha çoxdur. Təhlükəsizlik baxımından Türkiyə NATO-nun ən böyük ikinci ordusuna malikdir və Avropa müdafiə sisteminin ayrılmaz hissəsidir. Enerji baxımından TANAP, TAP və “Türk axını” kimi layihələr Avropa İttifaqınınn enerji şaxələndirmə strategiyasını təmin edir. Miqrasiya baxımından nəzər salanda isə görürük ki, Yaxın Şərqdən gələn milyonlarla qaçqının Avropaya axının qarşısını Türkiyə alır, Avropa isə faktiki sabitlik qazanır. Bu reallıqlar Avropa İttifaqı üçün “zamanın ruhunu” dərk etməyin geosiyasi zərurətə çevrildiyini göstərir.
Türkiyə ilə Avropa İttifaqı münasibətlərinin tıxanmasının əsas səbəblərindən biri ikili standart yanaşmadır. Qərb ölkələri, xüsusən Fransa və Almaniya Türkiyəni mədəni-siyasi fərqliliklər səbəbindən “tam inteqrasiya üçün yararsız” hesab edir. Digər tərəfdən, Şərqi Avropadan olan daha zəif iqtisadi göstəricilərə malik ölkələr sürətlə Avropa İttifaqına daxil olublar. Bu vəziyyət Ankara üçün ədalətsiz və subyektiv yanaşma kimi görünür. Hakan Fidanın “tıxanmaların aradan qaldırılması üçün Avropa İttifaqının da qətiyyət göstərməsi” tələbi bu ziddiyyətin diplomatik dildə ifadəsidir. Ona görə də Hakan Fidanın bəyanatı, əslində, Türkiyə diplomatiyasının ideoloji tənəzzülə qarşı strateji cavabıdır. O, demək istəyir ki, Türkiyə artıq Avropa İttifaqına yalnız “üzv olmaq” istəyi ilə deyil, bərabərhüquqlu tərəfdaşlıq konsepsiyası ilə yanaşır. Əgər Avropa İttifaqı öz daxili qorxularını və siyasi ikili standartlarını aşmasa, Türkiyə Avrasiya, Orta Şərq və türk dünyası istiqamətində yeni inteqrasiya mexanizmləri quraraq öz Avropasını yaradacaq.

MTM Analitik Qrup