TÜRKİYƏNİN SƏKKİZ TELEKANALI ORTAQ YAYIMDA: “TÜRKİYƏ TƏK ÜRƏK” YARDIM KAMPANİYASI

Fevralın 15-də Türkiyənin səkkiz televiziya kanalı Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.

Anadolu agentliyi xəbər verir ki, “Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunacaq.

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası səkkiz telekanalda eyni vaxtda canlı yayımlanacaq. Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olacaq.

Həmin telekanalların serial və proqramlarının sevilən aktyorlarının, aparıcılarının iştirak edəcəyi yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq və yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.