TÜRKİYƏNİN ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ BƏRPA ETMƏSİ YEKUN SÜLH SAZİŞİNİN İMZALANMASINDAN KEÇİR

IV Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri – Hakan Fidan və Ararat Mirzoyan arasında keçirilən görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların davamı kimi diqqət mərkəzindədir. Verilən rəsmi məlumata görə, nazirlər ikitərəfli münasibətlərdə bir sıra aktual məsələlər, eləcə də regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Margara–Alican sərhəd keçid məntəqəsinin vəziyyəti qiymətləndirilib, Ermənistanın burada infrastrukturun yenilənməsi istiqamətində müəyyən işlər gördüyü, eləcə də Gümrü–Qars dəmir yolu və digər infrastruktur xətləri üzrə texniki araşdırmaların aparıldığı vurğulanıb.

Forum çərçivəsində medianın suallarını açıqlayan A.Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Ermənistan-Azərbaycan sülh danışıqlarına təsir göstərə biləcəyini bildirib. O iddia edib ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi Ermənistan-Türkiyə ikitərəfli gündəminin bir hissəsi olmasa da, bu istiqamətdə gedən təmas və dialoqların tərkib hissəsinə çevrilib: “Biz artıq bəzi razılaşmalar əldə etmişik və onların bir qismi icra olunub. Məsələn, hava məkanının istifadəsi ilə bağlı məsələnin hazırkı mərhələdə, demək olar ki, həll olunduğunu hesab edirik”.

Xatırladaq ki, hələ 2022-ci ilin oktyabr ayında Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan ilk görüş olub. Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Ermənistanın yardım göndərməsi, 35 ildən sonra iki ölkə sərhədinin humanitar məqsədlər üçün açılması, ardınca XİN başçısı Ararat Mirzoyanın fəlakət bölgəsinə səfəri Ankara ilə İrəvan arasında münasibətlərdə “buzların əriməsi” kimi qiymətləndirilib. 2025-ci il martın 22-də isə Ermənistan-Türkiyə sərhədi Suriyaya humanitar yardım göndərilməsi məqsədilə Alican-Marqara sərhəd-keçid məntəqəsi istiqamətində 10 gün müddətinə açılıb.

Əlbəttə, münasibətlərin müxtəlif səviyyələrdə bərpası, əldə olunan razılaşmalar Ankaranın İrəvana təkcə iqtisadi deyil, siyasi təsirlərini, “yumşaq gücünü” artırır. Bununla belə, rəsmi Ankara Türkiyə ilə münasibətlərin normallaşmasının yalnız Azərbaycanla yekun sülh sazişinin imzalanmasından asılı proses olduğunu dəfələrlə bəyan edib. Bu səbəbdən də Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla məsləhətləşmələr şəraitində həyata keçirir, ölkəmizin mənafeyini xüsusi önə çəkir. Rəsmi Bakı öz növbəsində regional əməkdaşlığı təşviq edən ölkə olaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab edir.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürsələr də, Ermənistan prosesi əngəlləmək mövqeyi tutub. Rəsmi Bakı ilə eyni mövqeyi bölüşən rəsmi Ankara bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Cənubi Qafqazda ədavət səhifəsinin qapadılması, yekun sülh sazişinin imzalanması, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üçün əlverişli imkanlar açıb.

Uzun illər ərzində perspektivə hesablanan bütün planlarını işğalçılıq marağı üzərində kökləyən Ermənistan son 30 ildə regionda reallaşdırılan qlobal layihələrdə iştirak imkanlarından məhrum olub. Halbuki, Azərbaycanın bu müddətdə Gürcüstan və Türkiyə ilə həyata keçirdiyi qlobal neft-qaz, nəqliyyat, logistika layihələri təkcə regionun deyil, ümumən Avropa və Asiya dövlətlərinin maraqlarına cavab verib. Rəsmi İrəvan total hərbi-siyasi məğlubiyyyətdən sonra özünütəcrid vəziyyətinin ona həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən ciddi problemlər yara biləcəyinin fərqindədir. Ermənistan İkinci Qarabağ müharibəsi zamanı – 2020-ci ilin oktyabr ayında Türkiyədən mal və məhsul idxalına rəsmi qadağa tətbiq etsə də, 2022-ci il yanvarın 1-dən bu qərarı ləğv etməyə məcbur olub.

Yeni geosiyasi reallıqlar fonunda Ermənistanın əvvəlki səhvləri davam etdirərək əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etməsi bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər. Buna görə də qarşı tərəf yaranmış fürsəti adekvat dəyərləndirməyə çalışır. Çünki Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması Ermənistanın xarici ticarət və ixrac imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmiryolu və avtomobil yollarının İran ərazisindən çəkilişi ilə bağlı əldə olunmuş razılıq isə rəsmi İrəvanın Zəngəzur dəhlizi ətrafında siyasi manevrlərinin qarşısını alıb. Şərqi Araz layihəsi rəsmi İrəvanın təkcə Zəngəzur Dəhlizi ilə bağlı siyasi manipulyasiyalarına son qoyulması deyil, həm də külli miqdarda illik tranzit gəlirindən məhrum olması, dalan vəziyyətdə qalması deməkdir.

Rəsmi İrəvan gec də olsa, etiraf edir ki, ölkəsinin Türkiyə ilə genişmiqyaslı əməkdaşlığa ehtiyacı var. A.Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində bildirib ki, Ermənistan və Türkiyə arasında minimum deyil, daha geniş əməkdaşlıq perspektivləri mövcuddur: “Biz nəinki sadəcə münasibətlərin bərpasını, həm də ciddi ticarət, tranzit, enerji layihələri çərçivəsində əməkdaşlıq imkanlarını görürük”.

Bununla belə, A.Mirzoyan unudur ki, Azərbaycanla münasibətləri normallaşdırmadan, rəsmi Bakının tələblərini sonadək yerinə yetirmədən Türkiyənin Ermənistanla diplomatik-siyasi münasibətləri bərpa etməsi mümkün olmayacaq. Ermənistan rəsmilərinin Türkiyə ilə münasibətlərin normallaşması posesini Azərbaycanla yekun sülh sazişindən ayrı proses kimi təqdim etmək cəhdləri absurddur.

MTM Analitik Qrup