Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə adı çəkilən tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Dövlətimizin başçısının beynəlxalq statuslu zirvə görüşünə dəvət olunması və göstərilən yüksək qonaqpərvərlik, Prezident İlham Əliyevin toplantıdakı nitqi və çıxışındakı çağırışlar Türkiyə mediasının diqqət mərkəzində olub.
Anadolu Agentliyi, “TRT Haber” telekanalı, “Star”, “Yeni Akıt” qəzetləri başda olmaqla ölkənin aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin məlum səfərinin təfərrüatını müxtəlif sərlövhələrlə təqdim ediblər.
Məlumatlarda dövlətimizin başçısının Əlcəzairə səfərinin tarixi əhəmiyyət daşıdığını vurğulayan Türkiyə mediası diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Zirvədəki çıxışında deyib: “Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır.”