TÜRKİYƏNİN ALTI VİLAYƏTİNDƏ YANĞINLARLA MÜBARİZƏ DAVAM EDİR

Türkiyənin Manisa, Bolu, İzmir, Aydın, Karabük və Muğla vilayətlərində meşə yanğınları ilə mübarizə davam edir.

Yanğınlarla mübarizəyə ümumilikdə 39 helikopter, 10 təyyarə, 458 texnika və iki min nəfərlik canlı qüvvə cəlb edilib. Alovlarla mübarizəyə dəstək məqsədilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bölgəyə ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 13 helikopter göndərib.

Ötən iki gün ərzində Türkiyədə 69 yanğın nəzarət altına alınıb. Bu yanğınlar nəticəsində təxminən 1600 hektar əraziyə zərər dəyib. Yanğın meşə sahələri ilə yanaşı, parklara, bağçalara, zeytun bağlarına, sənaye sahələrinə, evlərə və iş yerlərinə də ciddi ziyan vurub.

Türkiyənin Hidrometeorologiya Baş İdarəsindən verilən məlumata əsasən, bu gün yanğın bölgəsində havanın temperaturu 36 dərəcəyədək yüksələcək. Bölgədə küləyin sürətinin saatda 45-55 kilometr, rütubətin isə 25-34 faiz olması gözlənilir.