TÜRKİYƏNİN AİLƏ VƏ SOSİAL XİDMƏTLƏR NAZİRİ ULU ÖNDƏRİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Azərbaycanda səfərdə olan Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti iyulun 19-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyəti xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən nazir Derya Yanık deyib: “1915-ci ildə Çanaqqala savaşında türk və azərbaycanlı əsgərlərin çiyin-çiyinə döyüşdüyü kimi, Nuru Paşanın komandanlığı altında 1918-ci ildə Bakının azad edilməsində də iki qardaş ölkənin hərbçiləri birlikdə döyüşərək qazi, yaxud şəhid oldular”.

Ziyarət zamanı Türkiyə nümayəndə heyətini Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova müşayiət edib.