TÜRKİYƏDƏN İDXAL OLUNAN BİOLOJİ AKTİV QİDA MƏHSULUNDA UYĞUNSUZLUQ AŞKARLANIB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində “Buğur” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Evren İlaç Kozmetik San. ve Tic. LTD” şirkətinə məxsus “Leopard, kapsul №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (13.02.2024-13.02.2027 istehsal və son istifadə tarixli) nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Laborator müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq – “Tadalafil və Sildenafil” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti dövlət qurumuna rəsmi məktub göndərilib.