TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERƏN BÖLGƏLƏRDƏKİ UNİVERSİTETLƏRDƏ TƏHSİL DAYANDIRILIB

Türkiyədə zəlzələ baş verən bölgələrdəki universitetlərdə təhsil dayandırılıb.

Bu barədə bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, təhsil dayandırılan universitetlərin binaları sığınacaq olaraq istifadə ediləcək.

F.Oktay bildirib ki, hazırda zəlzələ olan ərazidə 9 698 şəxs axtarış-xilasetmə işləri aparır.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.