TÜRKİYƏDƏ ÇANAQQALA ZƏFƏRİNİN 107-Cİ İLDÖNÜMÜ QEYD OLUNUR

Türkiyədə 18 mart – Şəhidlərini Anma və Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümü ilə əlaqədar rəsmi mərasim keçirilib.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin dövlət və hökumət rəsmiləri iştirak edirlər. Ölkəmiz tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla yanaşı, azərbaycanlı şagird və müəllimlərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirlər çərçivəsində, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Çanaqqalanın Cümhuriyyət meydanında yerləşən “Atatürk” abidəsinin önünə əklil qoyulub, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün və Çanaqqala şəhidlərinin xatirəsi yad edilib.

Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə üzərində “Çanaqqala keçilməz” yazısı olan qızıl sancaqlı türk bayrağı qaldırılıb.

Tədbirdə çıxışı zamanı Çanaqqala Zəfərinin Türkiyə tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayan Prezident Ərdoğan bu Zəfərin təkcə Türkiyənin deyil, o cümlədən ölkənin müstəqilliyi uğrunda canından keçən bütün xalqların nümayəndələrinin qələbəsi olduğunu deyib.

Dəniz döyüşlərini canlandırmaq məqsədilə gəmilərin Çanaqqala boğazından keçidi olub. Türkiyə ordusunun “Şahin”ləri Çanaqqala səmasında möhtəşəm aviaşou nümayiş etdiriblər.

Tədbirlər çərçivəsində Çanaqqalanın Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsünün rəsmi açılış mərasimi keçiriləcək. Bu, Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

Xatırladaq ki, Birinci Dünya müharibəsinin ən ağır savaşlarından olan Çanaqqala döyüşündə türk əsgərləri ilə yanaşı, üç minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.

1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən bu döyüşün Türkiyə üçün çox böyük əhəmiyyəti var.

Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Mustafa Kamal Atatürk kimi dahi yetişdirib, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olub. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda bunun əsl ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır.