TÜRKİYƏ XİN Aİ, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN LİDERLƏRİNİN BRÜSSEL GÖRÜŞÜNÜ ALQIŞLAYIR

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının rəhbərliyi ilə Brüsseldə keçirilən görüşə münasibət bildirib.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə XİN görüşdə Azərbaycan və Ermənistanın XİN rəhbərlərinə sülh müqaviləsi barədə hazırlıqlara başlamaqla bağlı təlimatın verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasının qurulmasına dair razılıq əldə olunmasından məmnuniyyət duyur.

“Türkiyə Cümhuriyyəti regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləyir və onlara fəal töhfə verir”, – deyə əlavə olunub.