TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİ ŞƏRQİ QÜDSDƏ SİNAQOQDA TÖRƏDİLƏN TERROR AKTINI PİSLƏYİB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Şərqi Qüds sinaqoqunda çoxlu insanın ölümü ilə nəticələnən terror aktını pisləyir.

Bu barədə nazirliyin açıqlamasında qeyd olunub.

“Yanvarın 27-də axşam Qüdsdə sinaqoqda törədilən və çoxlu insanın ölümü ilə nəticələnən terror aktını pisləyirik. Regionda son vaxtlar daha tez-tez baş verən hücumların yeni bir zorakılıq mərhələsinə səbəb olacağından narahatıq. Biz bütün tərəfləri bu cür hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq”, – deyə Türkiyə XİN bildirib.

Nazirlik “hücum nəticəsində həlak olanların ailələrinə, habelə İsrail hökumətinə və xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”.