Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə sonuncu telefon zəngində tərəflər 2025-ci ildə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Çünki öz tarixi ərzində “Bir millət, iki dövlət” prinsipini daim inkişaf etdirən, tarixi və strateji əlaqələrə malik olan ölkələrimizin cari ildə də əməkdaşlığın inkişafı və regional məsələlərdə sıx koordinasiya qurması vacib məsələlərdən biridir. Bu baxımdan dövlət başçıları arasında baş tutan telefon söhbəti ikitərəfli münasibətlərin gələcək perspektivləri və iki ölkənin qarşıdakı dövrdə regional və qlobal məsələlərdə öz fəaliyyətlərini necə koordinasiya edəcəyinə dair müəyyən təəssürat yaradır.
Təbii ki, 2025-ci ildə də Ermənistanla münasibətlərin normallaşması diqqət mərkəzində olacaq. Çünki söhbət təkcə Ermənistanın Azərbaycanla deyil, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmasından gedir. Artıq İrəvanda da dəqiq təsəvvür var ki, 2020-ci ildəki Qarabağ müharibəsi Türkiyə və Azərbaycanın mövqeyini daha da gücləndirib və bu iki ölkə Ermənistanla münasibətlərinin normallaşması üçün xüsusi bir yanaşma ortaya qoyub. Digər tərəfdən Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi məsələsinə hər zaman xüsusi həssaslıq göstərib, bu məsələdə Azərbaycanın irəli sürdüyü təşəbbüsləri həmişə dəstəkləyib. Rəsmi Ankara 44 günlük müharibədən keçən dövrdə dəfələrlə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün dəstək göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşmasını regionun inkişafında yeni mərhələnin başlanması kimi xarakterizə edib. Qarşıdakı dövrdə Ermənistan rəhbərliyi bu yanaşmaları yenidən nəzərdən keçirməli, Ankara və Bakı ilə əlaqələrin normallaşdırılmasının bütün hallarda onun inkişafına xidmət edəcəyini anlamalıdır. Onlar başa düşməlidir ki, bu, birinci növbədə Ermənistanın regional proseslərdə fəallığını artıracaq, digər tərəfdən Türkiyə-Azərbaycan əməkdaşlığı Ermənistanın təhlükəsizliyinin təminatıdır.
2025-ci ildə ölkələrimiz qarşısında duran əsas məsələlərdən biri də Suriya böhranının aradan qaldırılmasıdır. Çünki bu, Türkiyə və Azərbaycan üçün təkcə regional deyil, həm də qlobal təhlükəsizlik məsələsidir. Hazırda Azərbaycan Suriyadakı vəziyyəti yaxından izləyir və Türkiyə ilə koordinasiyalı şəkildə yeni adminstrasiyanın həyata keçirdiyi tədbirlərə, irəli sürdüyü təşəbbüslərə töhfə verir. Bu günlərdə Azərbaycandan Suriyanın İdlib bölgəsinə göndərilən humanitar yardım da məhz bu amila xidmət edirdi. Bu, həm də onu göstərdi ki, Türkiyə və Azərbaycan Suriyanın gələcəyi üçün siyasi sabitliyin təmin olunmasında ortaq maraqlara sahibdir. Ölkələrimiz Suriyanın bölünməsinin əleyhinə çıxış edir, ölkədə hər hansı etnik və dini qrupların fəallığı ələ almasını istəmir, Suriyanın bütünlüyünün qorunub saxlanmasına, Suriya xalqının səylərini ölkənin inkişafına yönəltməsini təşviq edir.
2025-ci ilin əsas istiqamətlərindən biri də çox güman ki, Türkiyə və Azərbaycanın həm Suriyada, həm də Cənubi Qafqazda regional güclərlə münasibətlərini diqqətlə idarə etməyə yönələcək. Hər iki ölkənin münasibətlərində, xüsusilə İran və Rusiya ilə olan əlaqələr əhəmiyyətli rol oynayacaq. Bu vəziyyət Türkiyə və Azərbaycanın regional məsələlərdə bir çox hallarda balanslı, bəzən də sərt diplomatik siyasəti ilə müşayiət olunacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin telefon söhbətində qeyd etdikləri “təmasların davam etdirilməsi” məsələsi məhz bu müstəvidə diqqəti çəkir. Əgər Türkiyə və Azərbaycan, regional güclərlə münasibətlərində düzgün balansı qorusa, həm Suriyada, həm də Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində daha çox uğur əldə etmək mümkün olacaq.
2025-ci ildəki fəaliyyətlərin koordinasiyasında təkcə siyasi deyil, həmçinin hərbi və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Çünki region hələ də təhdidlərlə üzləşir. Hələ də bəzi qüvvələr eskolosiya risqlərinin yaradılmasında maraqlıdır. Bu baxımdan Türkiyə və Azərbaycanın il ərzində həyata keçirəcəyi siyasət regional və qlobal sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayacaq və iki ölkənin ortaq strateji hədəflərinə xidmət edəcək.
MTM Analitik Qrup