
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara yardım üçün ölkənin səkkiz televiziya kanalının təşkil etdiyi ortaq canlı yayım başa çatıb. “Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunub.
“TRT Haber” xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə toplanıb. Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib.
01:12
Türkiyənin səkkiz televiziya kanalı zəlzələdən zərər çəkənlərə yardım kampaniyasını davam etdirir.
“TRT Haber” xəbər verir ki, yerli vaxtla saat 01:05-ə olan məlumata görə, kampaniya çərçivəsində 108 milyard 663 milyon 563 min lirə toplanıb. İndiyədək 6 milyon 862 min SMS göndərilib. Yardım kampaniyası davam edir.
00:32
Fevralın 15-də axşam saatlarından Türkiyənin səkkiz televiziya kanalı zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayıma başlayıb.
“TRT Haber” xəbər verir ki, kampaniya çərçivəsində 105 milyard 905 milyon 126 min lirə toplanıb. Hazırda yardım kampaniyası davam edir.
“Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunur.
Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası səkkiz telekanalda eyni vaxtda canlı yayımlanır. Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olurlar.
Yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.
