TÜRKİYƏ REGİONAL ÇƏRÇİVƏDƏ BÜTÜN MÜNAQİŞƏLƏRİN HƏLLİNƏ ÇALIŞIR

Türkiyənin dövlət səviyyəsində Suriya böhranının aradan qaldırılmasında fəal iştirakı onun qlobal və regional liderliyinə dəlalət edən əsas hadisələrdən birinə çevrilib. Bu mənada rəsmi Ankaranın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında və yekun sülhün əldə edilməsində səylərini artıracağı şübhəsizdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən XV Səfirlər Konfransında Azərbaycanın Qarabağda qazandığı tarixi zəfərlə bağlı verdiyi açıqlama da təsdiqləyir. Onun Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını arzuladığını bildirməsi regionda daimi sülhün bərqərar olması üçün yeni bir pəncərə açan tarixi fürsətə işarə edir. Lakin bu sülhün təmin olunması yalnız Azərbaycan və Ermənistan arasında deyil, həm də Türkiyənin Suriya və ümumilikdə Yaxın Şərqdəki güc balansı ilə sıx bağlıdır. Çünki Suriya böhranının dərinləşməsi və Əsəd rejiminin süqutu Türkiyənin regional və qlobal strategiyalarını yenidən formalaşdırmasına səbəb olub.

Nəzərə almalıyıq ki, 2011-ci ildə başlayan Suriya müharibəsi Yaxın Şərqdəki geopolitik vəziyyəti kökündən dəyişdi. Əsəd rejiminin süqutu isə Suriyada hakimiyyətin dəyişikliyinə gətirib çıxarmaqla yanaşı, ölkənin ərazi bütövlüyü və dövlət quruluşu ilə bağlı problemlər yaradıb. Əsas məsələ qonşu ölkələrin təhlükəsizliyi ilə bağlıdır. Türkiyə 2011-ci ildə olduğu kimi humanitar məsələlərdə aktiv rol oynamaq istəmir, digər tərəfdən öz ərazisində olan suriyalı qaçqınların tezliklə ölkələrinə getməsini həvəsləndirməklə ilk növbədə bu problemin həllinə nail olmağa çalışır. Digər tərəfdən Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik məsələlərini diqqətdə sdaxlayır və müttəfiqləri ilə əməkdaşlıq şəraitində bu sahədəki maneələri dəf etmək istəyir. Düzdür, buna qədər də Türkiyə Suriya ərazisindən gələn təhdidləri azaltmaq və ya neytrallaşdırmaq üçün bir neçə irimiqyaslı əməliyyatlar həyata keçirmişdi. Bu əməliyyatlar Türkiyənin yalnız öz sərhədlərində deyil, həm də geniş bir regional təsir gücünə sahib olma yolunda irəliləməsini təmin etmişdi. İndi isə rəsmi Ankara təhlükəsizliklə bağlı məsələləri kökündən həll etməkdə qərarlı görünür və bu kontekstdə Türkiyənin regional rolu ciddi şəkildə diqqəti cəlb edir. Türk ordusunun Suriyada apardığı əməliyyatlar, həmçinin orada yaradılan təhlükəsizlik zonaları Türkiyənin Yaxın Şərqdəki ən böyük oyunçulardan birinə çevrilməsi istiqamətində atılan addımların bundan sonra da davam edəcəyinə təminat verir. Təbii ki, bu proses Avropa və ABŞ-la münasibətlərə də təsirsiz ötüşməyəcək. Vaxtaşırı PKK-ya və onun proksi qüvvələrinə dəstək addımları atan xarici qüvvələrin, xüsusilə də ABŞ-ın siyasətinə qarşı Türkiyənin nümayiş etdirdiyi qərarlı siyasət hazırda onun həm regional, həm də qlobal rolunu artırmaqdadır.  Bundan başqa, Türkiyənin Suriya məsələsindəki rolu onu regionda əhəmiyyətli bir hərbi və diplomatik güc halına gətirir. Beləliklə, Türkiyə, yalnız Suriyadakı vəziyyətə təsir etməklə kifayətlənməyib, həm də regionun gələcək siyasi və təhlükəsizlik strukturlarında aktiv iştirak etməyə başlayıb.

Türkiyənin formalaşdırdığı bu vəziyyət şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinə də təsir edəcək amildir. Azərbaycan və Türkiyə prezidentlərinin son telefon danışığında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulması, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyətin müzakirə edilməsi bu qənaəti gücləndirən əsas amildir. Dövlət başçılarının Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etmələri də bu məsələdə Türkiyənin aparıcı rol oynayacağına dəlalət edir və bir məqamı gündəmə gətirir ki, digər regional aktorlardan fərqli olaraq Türkiyə Suriyanın parçalanmasının deyil, onun bütövlüyünün tərəfdarıdır. Ankaranın ərazi bütövlüyü məsələsindəki qərarlı mövqeyi Ermənistan-Azərbaycan münaqişəsi ərzində də aparıcı xətt olub. Türkiyə hər zaman münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışıb və bu mövqeyini 2020-ci il müharibəsinə qədər də qoruyub saxlayıb.

Hazırda Türkiyə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regionda geniş təhlükəsizlik əməkdaşlıqlarına yol açacağına inanır. Bu, Ermənistanla iqtisadi əlaqələrin inkişafına, həmçinin Ermənistanın Qərblə Rusiya arasında daha balanslı siyasət yürütməsinə gətirib çıxara bilər. Digər tərəfdən Türkiyənin normallaşma prosesindəki səylərini artırması onun regional təsirini artırmağa, eyni zamanda regionda və beynəlxalq aləmdə strateji roluna da ciddi təsir edəcək.

MTM Analitik Qrup