Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə söhbət etdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.