TÜRKİYƏ NƏ TERRORA, NƏ DƏ SİYASİ ŞANTAJA BOYUN ƏYMƏDİ

Regionu və xüsusilə Türkiyəni illərlə qan və göz yaşına qərq etmiş bir epoxa sona çatdı: PKK (Kürdüstan Fəhlə Partiyası) özünü buraxdığını rəsmən açıqladı. Bu hadisə təkcə terrorla mübarizə tarixində deyil, bütövlükdə Yaxın Şərqin geosiyasi taleyində dönüş nöqtəsi hesab olunur. 1978-ci ildən bəri fəaliyyətdə olan və 1984-cü ildən etibarən silahlı fəaliyyətə keçən PKK minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb, Türkiyənin iqtisadi, sosial və siyasi sabitliyinə ciddi təhdid yaradıb. Lakin onun özünü buraxması təkcə Türkiyə üçün deyil, İraq, Suriya və bütövlükdə region üçün yeni bir səhifənin açılması deməkdir.

Tarixə nəzər salsaq görərik ki, təşkilatın ideoloji və silahlı hazırlığı 1970-ci illərin sonlarına dayanır. Təkcə Türkiyədə PKK tərəfindən törədilən terror aktları nəticəsində 40 mindən çox insan həyatını itirib. Onların arasında mülki vətəndaşlar, əsgərlər və polis əməkdaşları var. Bununla yanaşı, PKK enerji infrastrukturuna, nəqliyyata, kənd təsərrüfatına və sosial xidmətlərə etdiyi hücumlar nəticəsində dövlətə milyardlarla dollar maddi ziyan vurub. Onun həyata keçirdiyi terror aktları nəticəsində 3 mindən çox kənd boşaldılıb, 1 milyona yaxın insan daxili məcburi köçkünə çevrilib. Ən əsası isə türklərlə kürdlər arasında təbii və tarixi bağlılıqlar terrorun siyasi manipulyasiyasına məruz qalıb. 1990-cı illərdə PKK-nın “qaçış koridoru” olaraq istifadə etdiyi İraqın şimalındakı Qəndil dağları regional terrorizmin əsas mərkəzinə çevrilib. Buradan təkcə Türkiyəyə deyil, Suriyada YPG vasitəsilə müxtəlif silahlı qruplara yön verilirdi. Bu isə terrorun sərhədsiz bir təhlükə olduğunu göstərirdi.

PKK-nın özünü buraxmasının səbəblərinə gəlincə, burada bir neçə amili qeyd etmək olar. Burada əsas rol oynayan məsələ Türkiyənin sərhədyanı antiterror siyasətidir. Ərdoğan rəhbərliyindəki Türkiyə son 10 ildə “sərhədlərin içində deyil, təhlükənin mənbəyində mübarizə” prinsipini əsas götürdü. “Pençe”, “Zeytin dalı”, “Barış pınarı” və digər hərbi əməliyyatlarla PKK-nın həm Suriyada, həm də İraqın şimalında mövqeləri ciddi şəkildə məhv edildi. İkinci mühüm amil milli texnologiyanın inkişafı və MÜSAS inqilabıdır. Bayraktar TB2 və “Akıncı” kimi yerli pilotsuz uçuş aparatları PKK-nın dağlıq bölgələrdəki “toxunulmazlığını” ortadan qaldırdı. Artıq PKK liderləri sığınacaqlarda belə özlərini güvəndə hiss etmirdilər. Üçüncüsü, xalqın dəstəyi ilə Türkiyə cəmiyyətində PKK-ya verilən dəstəyin getdikcə azalması oldu. Xüsusilə Şərq və Cənub-Şərqi Anadolu bölgəsində kürd vətəndaşlar terrorla mübarizədə PKK-nın deyil, dövlətin yanında yer aldı. Təbii ki, PKK-nın özünü buraxmasında beynəlxalq maneələr də mühüm rol oynadı. ABŞ və Avropa İttifaqının PKK-nı terror təşkilatı kimi tanıması, ötən ildən etibarən NATO daxilində Türkiyənin təhlükəsizlik narahatlıqlarına daha çox önəm verilməsi PKK-nın xarici dəstəyini ciddi şəkildə zəiflətdi.

PKK-nın özünü buraxması Prezident Rəcəb Tayyib Ərdoğanın son 20 illik təhlükəsizlik və dövlətləşmə strategiyasının zirvə nöqtəsidir. Bu qələbə sadəcə silahlı terrora qalib gəlmək deyil, həm də “siyasi şantaja boyun əyməyən dövlət modeli”nin təsdiqidir. Ərdoğan bir tərəfdən PKK-nı yerli və beynəlxalq arenada ifşa edərkən, digər tərəfdən kürd vətəndaşlara sosial inteqrasiya, iqtisadi investisiya və mədəni haqlar təklif etdi. Bu, “təhlükəsizlik və rifah” modelinin PKK-nı həm ideoloji, həm də əməliyyat baxımından iflasa uğratmasına səbəb oldu. PKK-nın özünü buraxması ilə Prezident Ərdoğan yalnız daxili sabitliyi möhkəmləndirmədi, həm də Suriya, İraq və İranla sərhədlərdə yeni təhlükəsizlik arxitekturasını qurmağa başladı. Bu, Türkiyənin regional güc iddiasını daha da legitimləşdirdi.

PKK-nın tərk-silah qərarı həm də region üçün yeni imkanlar yaradır. Belə ki, PKK-nın İraqın şimalındakı fəaliyyəti Bağdad-Ərbil münasibətlərinə də mənfi təsir göstərirdi. Bu maneənin aradan qalxması iqtisadi inteqrasiyanı sürətləndirəcək. Digər tərəfdən Suriyada yeni balans siyasəti yaranır.

YPG ilə əlaqələrin zəifləməsi ABŞ və Rusiya qarşısında Türkiyənin diplomatik manevr imkanlarını artıracaq. Digər tərəfdən İran sərhədində təhlükəsizlik dəhlizi yaranır, PJAK kimi törəmə təşkilatların da təcrid olunması gözləniləndir. Bu baxımdan PKK-nın özünü buraxması sadəcə, bir təşkilatın yox olması deyil, dövlətin uzunmüddətli strateji təmkin, milli birlik və texnoloji üstünlüklə terrora qalib gəlməsinin simvoludur.

MTM Analitik Qrup