Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a verdiyi müsahibə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
İHA xəbər agentliyi, “Hurriyet”, “Sabah”, “Yeni şafak”, “Yeni akıt və digər qəzetlər müsahibənin əsas məqamlarını türkdilli ictimaiyyətə çatdırıblar.
“TRT-Azərbaycan” radiosunun rəsmi saytı müsahibənin tam mətnini yayıb.
Məlumatlarda 44 günlük Vətən müharibəsində Ermənistanın Gəncə şəhərinə endirdiyi raket zərbələrinin törətdiyi tələfat və dağıntılardan bəhs olunur. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev müsahibədə təcavüzkar tərəfin Azərbaycanda dinc əhalini hədəfə almasını sərt şəkildə qınayaraq deyib: “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik”.