TÜRKİYƏ MEDİASI: PREZİDENT İLHAM ƏLİYEV İSLAMOFOBİYA İLƏ MÜBARİZƏDƏ SƏYLƏRİ BİRLƏŞDİRMƏYƏ ÇAĞIRIB

Türkiyənin aparıcı informasiya agentlikləri, telekanalları, qəzet və xəbər portalları mayın 26-da Bakıda işə başlayan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfransı geniş işıqlandırır.

Qardaş ölkənin media orqanlarında dərc olunan materiallarda, habelə reportajlarda Azərbaycan Prezidenti İlham Əliyevin iki gün davam edəcək müzakirələrin iştirakçılarına müraciətinə xüsusi diqqət yetirilib.

Əsas diqqət Azərbaycan liderinin müsəlmanlara qarşı nifrət ritorikası ilə mübarizədə birgə addımlar atmağa çağırışına yönəlib.

Azərbaycan Prezidentinin söz azadlığı adı altında İslama və müsəlmanlara qarşı hücumları qəbuledilməz adlandırdığı vurğulanır.

Materiallarda islamofobiyanın son zamanlar qlobal miqyasda getdikcə daha çox nəzərəçarpacaq və sistemli xarakter almasından təəssüfləndiyini bildirən Prezident İlham Əliyevin müraciətindən sitatlar yer alıb.

Qeyd olunur ki, Azərbaycan BMT Baş Assambleyasının islamofobiya ilə mübarizə ilə bağlı qəbul etdiyi qətnamələri alqışlayır və sənədlərdə göstərilən tədbirlərin dərhal həyata keçirilməsinə çağırır.