Türkiyənin aparıcı kütləvi informasiya vasitələri oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasındakı görüşü geniş işıqlandırıb.
Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT” və başqa telekanallar, “Sabah”, “Takvim”, “Milliyet”, “Hurriyet” və digər qəzetlər, eləcə də ölkənin aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Soçi səfərinin təfərrüatını müxtəlif sərlövhələrlə təqdim ediblər.
Türkiyə mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət mövqeyini qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”,- deyərək bir daha Ermənistanı sülh danışıqlarına dəvət edib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilmiş ikitərəfli görüş də daxil olmaqla səfərə geniş yer ayıran Türkiyə mediası materialları orijinal foto və videolarla təqdim edib.