TÜRKİYƏ MEDİASI AZƏRBAYCAN ƏRAZİSİNDƏKİ QANUNSUZ ERMƏNİ SİLAHLI DƏSTƏLƏRİNİN NÖVBƏTİ SİLAHLI TƏXRİBATINDAN YAZIB

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin Ordumuza qarşı törətdiyi növbəti terror aktı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu Agentliyi, “TRT Haber”, “TRT Avaz”, “Habe global” telekanalları, “Yeni şafak”, “Sabah” qəzetləri və digər media orqanları hadisə ilə bağlı geniş məlumat yayıblar.

Məlumatlarda diqqətə çatdırılır ki, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olması bölgədəki qanunsuz erməni silahlı dəstələrinin növbəti ciddi təxribatıdır. Vurğulanır ki, Azərbaycan tərəfi terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərib.

Ermənilərin təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olması xəbəri Türkiyə ictimaiyyətində böyük hiddət yaradıb.