Qara dəniz vasitəsilə taxıl və kənd təsərrüfatı məhsullarının daşınması üçün yaradılacaq dəhliz gələn həftə Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən müvafiq sənədin imzalanmasından sonra fəaliyyətə başlayacaq.
Bu məsələ ilə bağlı iyulun 13-də İstanbulda keçirilən dördtərəfli danışıqlarda Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri, həmçinin BMT nümayəndələri iştirak edib. Türkiyənin müdafiə naziri Hulusi Akar görüşdən sonra taxıl dəhlizinə dair yekun sənədin gələn həftə imzalana biləcəyini deyib.
“Yeni Şafak” qəzeti xəbər verir ki, İstanbulda BMT-nin nəzdində yaradılacaq koordinasiya mərkəzinin fəaliyyəti ilə bağlı təfərrüatlar gələn həftə, “dördlüyün” görüşü zamanı məlum olacaq. “Texniki razılaşmaya” əsasən, taxıl dəhlizinin keçid prosesi BMT tərəfindən koordinasiya ediləcək. Taxıl ixracının planlaşdırıldığı limanlarda üç ölkənin nümayəndələri fəaliyyət göstərəcək. Onlar gəmilərin Ukrayna limanlarından İstanbul limanlarına qədər daşıma prosesinə nəzarət edəcəklər.
Qəzetin məlumatına görə, İstanbulda keçirilən görüşdə, həmçinin Ukrayna limanlarının minalardan təmizlənməsi ilə bağlı razılaşma əldə olunub. Bu işlə məşğul olacaq Ukrayna taxıl daşıyan gəmilərin marşrutunu da müəyyən edəcək.
Türkiyə, Ukrayna, Rusiya hərbi nümayəndə heyətlərinin və BMT nümayəndələrinin taxıl dəhlizinin yaradılması üzrə növbəti görüşü iyulun 20-21-də baş tuta bilər. Hazırda tərəflər imzalanması planlaşdırılan sənədin detalları üzərində işləyirlər.