TÜRKİYƏ MƏTBUATI: PARİSDƏ OLİMPİADANIN AÇILIŞI QƏRBİN DƏYƏRLƏR BÖHRANININ VƏ QƏRƏZLİLİYİNİN GÖSTƏRİCİSİDİR

Türkiyə mətbuatı 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasiminin təşkilini tənqid edib.

“TRTHaber” telekanalı “Dünya idman bayramı”nın açılışından idman etikasından və ənənələrindən uzaq olan qalmaqallı görüntülərinə diqqət çəkib.

Aparıcı xatırladıb ki, ənənəvi ailə və din dəyərlərinə edilən hücumlara cavab olaraq Türkiyə televiziya kanalları hətta Fransadan canlı yayımlarını dayandırmağa məcbur olublar. Türk-Alman Universitetinin dosenti Enes Bayraklı “TRTHaber”in efirində qeyd edib ki, Olimpiada təşkilatçılarının ünvanına hətta Qərbin özündə də ciddi tənqidlər səsləndirilib. Bayraklı ötən dövrün digər beynəlxalq yarışları ilə paralellər aparıb. “Məsələn, futbol üzrə dünya çempionatının keçirildiyi Qətərdə böyük miqyaslı idman tədbiri baş tutdu. Dünya çempionatının təşkilatçılarına qarşı heç bir qalmaqal və tənqid səsləndirilməyib”, – deyə o bildirib.

“CNN Türk” telekanalı da tamaşaçıların diqqətini 2024-cü il Olimpiadasının açılış mərasiminin təşkilatçılarına qarşı mənfi emosiyaların artmasına yönəldib. Telekanal qeyd edib ki, digərləri ilə yanaşı, gizli şam yeməyində özünü İsa Məsih və onun şagirdləri kimi təqdim edən transvestitlərin mərasimdə iştirakı narazılığa səbəb olub. Bununla bağlı Fransanın Olimpiya Oyunlarını təhrif ideologiyanın təbliği, ənənəvi ailə və dini dəyərlərə hücumlar platformasına çevirdiyini qeyd edən ekspert Coşqun Başbuğun fikrinə istinad edilib. “Parisdə Olimpiadanın açılışı Qərbdə, o cümlədən Fransada dəyərlər böhranını ortaya qoydu”, – deyə Başbuq vurğulayıb.

“HaberGlobal” telekanalı Fransa mətbuatının Olimpiya açılış mərasiminin qərəzli işıqlandırılması ilə bağlı Parisdə daha bir qalmaqala diqqət çəkib. “Fransanın “Frans 2” telekanalının canlı efirində Qarabağ münaqişəsinin həlli kontekstində Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar səsləndirilib. Aparıcı Azərbaycanı “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim etməklə yanaşı, Ermənistanı “tarixən fransızların qəlbinə yaxın” ölkə adlandırıb, – deyə Türkiyə telekanalı qeyd edir.

Türkiyə Araşdırmalar Fondunun (TAV) eksperti Ayhan Sarı “HaberGlobal”a bildirib ki, ikili standartlar siyasəti Qərb ölkələrində jurnalistlərin mövqeyində yeni bir şey deyil. O qeyd edib ki, Türkiyə də dəfələrlə Qərb ölkələrinin, o cümlədən Fransanın mediasının qərəzli münasibətilə qarşılaşıb. “Türkiyə futbol komandalarının oyunlarının yayımı zamanı Qərb ölkələrinin telekanalları türk azarkeşlərini göstərməməyə çalışır, Avropa komandalarının xaçla olan azarkeşləri isə hər taymda bir neçə dəfə efirə verilir. Eyni ikiüzlülük Azərbaycana münasibətdə də olub”, – deyə Sarı qeyd edib.

Ekspert vurğulayıb ki, Fransa televiziyasının efirindəki Azərbaycana qarşı qalmaqal təsadüf və ya aparıcıların özləri tərəfindən ekspromt deyil. “Bu, Fransa dövlət televiziyasının qabaqcadan düşünülmüş və planlaşdırılmış təxribatdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Qərbdə söz azadlığı ilə bağlı deyilənlər yalandır, mətbuat isə göstəriş və təlimatlarla hərəkət edir. “Fransanın Cənubi Qafqazda gərginliyin yeni mərhələsini yaratmaq cəhdləri Ermənistanın özünün maraqlarına cavab vermir”, – deyə TAV eksperti əmindir.

“Sözcü” qəzeti 2024-cü il Olimpiadasının açılışında daha bir hadisə ilə bağlı oxucularına məlumat verib. “İdmançıların paradı zamanı Cənubi Koreya komandası KXDR komandası kimi elan edilib”, – deyə qəzet yazır.