TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA SƏRHƏDLƏRİN AÇILMASI İLƏ BAĞLI PROSES YENİ MƏRHƏLƏYƏ DAXİL OLUR

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi uzun illərdir regionun siyasi, iqtisadi gündəmində əsas mövzulardan biridir. 1993-cü ildən etibarən bağlı olan bu sərhəd həm iqtisadi, həm də siyasi baxımdan daha çox Ermənistan üçün ciddi məhdudiyyətlər yaradıb. Eyni zamanda Cənubi Qafqaz kimi strateji əhəmiyyətə malik bir məkanda sərhədlərin bağlı qalması regional əməkdaşlıq imkanlarını azaldıb və qarşılıqlı  inkişafa maneə yaradıb. Bütün bunlarən kökündə Ermənistanın işğalçılıq siyasəti dayanıb və qeyd olunan vəziyyətdə ən çox zərər görən tərəf elə erməni tərəfi özü olub. Lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar durumu tamamilə dəyişib.  Məhz bu reallıqlar fonunda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi aktuallıq qazanıb və heç şübhəsiz ki, sözügedən addımın atılması həm Ermənistan, həm Türkiyə, həm də bütövlükdə Cənubi Qafqaz üçün çoxsaylı üstünlüklər yaradacaq.

Belə bir vaxtda bəlli olub ki, Türkiyə ilə Ermənistan arasında ilk dəfə heyətlərarası görüş keçiriləcək. Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı artıq təsdiq edib: “Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş planlaşdırılır”. Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə hələ 2021-ci ilin sonlarında xüsusi nümayəndə təyin edib. O vaxtdan bəri nümayəndələr bir neçə dəfə görüş keçirib. Ümumiyyətlə, əvvəlki illərdə keçirilən beş ayrı-ayrı iclasda yük daşıma reysləri üçün sərhədlərin açılması, texniki və infrastruktur işlərinin aparılması ilə bağlı qərarlar qəbul edilib.  Eyni zamanda diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilib.  Amma ilk dəfə olaraq, iki ölkənin nümayəndələrarası görüşü keçiriləcək. “CNN Türk” telekanalı bildirir ki, budəfəki görüşdə ikitərəfli münasibətlərin normallaşması ilə bağlı qərarlar qəbul edilə bilər. Türkiyənin NTV telekanalı qeyd edir ki, görüşdə  ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı bəzi qərarların qəbulu, həmçinin əvvəllər qəbul edilmiş qərarların icrasının müzakirəsi planlaşdırılır.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, xüsusi nümayəndə Sərdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Əlican-Marqara sərhəd-keçid məntəqəsindən keçərək getməsi nəzərdə tutulur. Xatırlatmaq lazım  gəlir ki, Ermənistan Marqara keçid məntəqəsini yenidən qurub. 32 il əvvəl bağlanan Əlican-Marqara sərhəd-keçid məntəqəsi o vaxtan bəri iki dəfə açılıb. İlk dəfə bu məntəqənin açılışı 2023-cü ilin fevralında baş titub. Həmin vaxt İrəvan fevralın 6-da Adıyaman şəhərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkənlər üçün Türkiyəyə 100 ton humanitar yardım göndərib. Növbəti dəfə isə Suriyaya humanitar yardım göndərmək üçün sərhəd-keçid məntəqəsi cari ilin martında 10 gün müddətinə açılıb. İndi regionda kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına gedən hazırlıq fonunda Əlican-Marqara sərhəd-keçid məntəqəsinin, eləcə də Türkiyə ilə Ermənistan arasında sərhədlərin digər istiqamətlərdə də tədricən açılması gözlənilir. Azərbaycan da artıq bu prosesdə maraqlı tərəfdir. Hətta Azərbaycanın razılığından sonra artıq Ermənistanla  Pakistan arasında diplomatik münasibətlərin qurulması üçün də ilkin addımlar atılır.

Ermənistan bütün bunlar fonunda yaxşı başa düşür ki, onun iqtisadi tərəqqisi, hətta təhlükəsizliyi kimi mühüm faktorlar məhz Azərbaycanla, Türkiyə ilə birgə əməkdaşlıqdan, bu ölkələr qarşı əsasız iddialarından vaz keçməsindən asılıdır. Qeyd edilməlidir ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbi ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti olub. Qarabağ münaqişəsi və onun doğurduğu gərginlik regionda münasibətləri illərlə zədələdi. Bundan ən çox zərər görən isə Ermənistanın özü oldu. Sözügedən reallığı dərk etmək üçün Ermənistana 30 ildən artıq vaxt lazım oldu. Azərbaycanın  2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı tarixi zəfər Ermənistanın bu reallığı qəbul etməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirdi. Ölkəmzin sülh siyasəti nəticəsində əməkdaşlıq və inteqrasiya üçün münbit zəmin formalaşdı. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə paralel olaraq Türkiyə ilə Ermənistanın dialoquna start verildi. Bu kontekstdə indi sərhədlərin açılması regional sabitlik və təhlükəsizlik baxımından mühüm addım hesab olunur.

Heç şübhəsiz ki, sərhədlərin açılması ilk növbədə iqtisadi sahədə öz təsirlərini  göstərəcək. Türkiyə böyük istehsal və ixrac gücünə malikdir, Ermənistan isə kiçik bazarı olan, lakin ixrac yolları məhdud bir ölkədir. Açıq sərhəd Ermənistana Türkiyə bazarına daha asan çıxış imkanı verəcək. Bu, həmçinin Ermənistan iqtisadiyyatının dirçəlməsinə, iş yerlərinin artmasına və əhalinin rifah səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Digər tərəfdən, Ermənistan bazarı böyük olmasa da, orada türk məhsullarına maraq yüksəkdir. Bundan başqa, Ermənistan üzərindən keçən yeni nəqliyyat dəhlizləri Türkiyə üçün Orta Asiyaya və Rusiyaya çıxış baxımından əlavə imkanlar yaradacaq. Beləliklə, sərhədlərin açılması yalnız ikitərəfli deyil, həm də regional iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Xüsusən də Zəngəzur dəhlizinin açılması fonunda bu hal özünü qabarıq büruzə verəcək. Həmçinin, sərhədlərin açılması ilə Türkiyədən Ermənistana və oradan da Azərbaycan və Orta Asiyaya çıxış xətləri genişlənəcək. Bu, regionun tranzit əhəmiyyətini daha da gücləndirəcək. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi ideyası məhzbu proseslə üst-üstə düşür. Ermənistan sərhədləri açmaqla təkcə Türkiyə ilə deyil, bütövlükdə regionla inteqrasiya imkanlarını artıracaq. Əlavə olaraq, beynəlxalq yük daşımalarında Ermənistan üzərindən keçən yeni marşrutların açılması logistika xərclərini azaldacaq və vaxt itkilərinin qarşısını alacaq. Bu isə bütün region ölkələrinin iqtisadi rəqabət qabiliyyətini yüksəldəcək.

O da qeyd edilməlidr ki, artıq Ermənistan və Türkiyə arasındakı sərhəd keçid məntəqəsinə erməni tərəfdən bu ölkənin öz sərhədçiləri nəzarət edir. Bir müddət əvvəl Rusiya əsgərləri Marqara keçid məntəqəsindən çıxarılıb. Belə vəziyyət Əlican-Marqara sərhəd-keçid məntəqəsindən buraxılış prosesinin daha sürətli xarakter almasına imkan verir. Ümumilikdə isə Türkiyə-Ermənistan sərhədlərinin açılması region üçün çoxsaylı üstünlüklər vəd edir. Bu addım iqtisadi əlaqələri gücləndirəcək, yeni nəqliyyat dəhlizlərinin yaranmasına şərait yaradacaq, ən əsası isə regional sabitlik və təhlükəsizliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyacaq. Türkiyə və Ermənistanın qarşılıqlı addımları, Azərbaycanla aparılan sülh prosesinə paralel olaraq sərhədlərin açılması, bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin yaranmasına öz töhfəsini verəcək. Bunda isə  isə yalnız region ölkələri deyil, həm də Avrasiya miqyasında müsbət nəticələr əldə edilməsi proqnozlaşdırılır.

MTM Analitik Qrup