TÜRKDİLLİ DÖVLƏTLƏRİN SIX ƏMƏKDAŞLIĞI QLOBAL GEOSİYASİ ÇAĞIRIŞLARDAN QAYNAQLANIR

Yeni qlobal çağırışlar fonunda türkdili dövlətlər və onların siyasi birliyi olan Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın genişləndirilməsi rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Bu istiqamətində atılan addımlar, ilk növbədə, türk dünyasının ortaq dəyərlərinin bəşəri miqyasda tanıdılması və təşviqi, qlobal təhdidlərə qarşı birgə mübarizə strategiyasının hazırlanması, siyasi, iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Bu zərurəti düzgün dəyərləndirən Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib: Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil”.

TDT ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verən amillərdən biri də İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi mühitdir. Azərbaycan parlaq hərbi zəfərindən sonra azad edilmiş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma layihələrində Türkiyə və digər türkdilli ölkələrin iştirakında maraqlı olduğunu bəyan edib və bu təşəbbüs artıq reallaşdırılıb. 2022-ci il sentyabrın 16-da Şuşada keçirilən, Qarabağ regionunun bərpası və inkişafına həsr olunan TDT Biznes Forumu türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin dərinləşdirilməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdimatı baxımından mühüm nəticələrlə yadda qalıb.

Xüsusi vurğulamaq lazımdır ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT dövlət başçılarının sammitlərinin ildə bir deyil, iki dəfə keçirilməsinə qərar verilib. 2024-cü ildə TDT-nin Şuşa şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşü  təşkilat çərçivəsində əməkdaşlığın gələcək təmayüllərini müəyyən edib. Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi gələcək əməkdaşlığın “yol xəritəsi” kimi tarixiləşib. Sənəd türkdilli dövlətlər arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsini; TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində mövcud potensial və imkanlarından maksimum istifadə edilməsini; türk dövlətlərinin qlobal miqyasda daha iddialı məqsədlərlə çıxış etmələrini; strateji əhəmiyyətli regional layihələrdə birgə iştirakını; müvafiq nəqliyyat infrastrukturunun, səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsini və digər iddialı məqsədləri önə çəkir.

Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində də addımlar atır. Bu kontekstdə rəsmi Bakının xüsusilə Qırğız Respublikası, Özbəkistan və Qazaxıstan ilə münasibətlərinin son illərdə strateji müstəvidə inkişafı xüsusilə qeyd oluna bilər. Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayan ölkə kimi Orta Dəhlizin fəaliyyətinin gücləndirilməsini, yükdaşımalar üçün daha əlverişli şəraitin yaradılmasını təşviq edir. Türkiyə və Azərbaycan bu istiqamətdə Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə əlaqələri genişləndirməyə, nəqliyyat və gömrük prosedurlarını sadələşdirməyə, yükdaşımaların rentabelliyini yüksəltməyə çalışırlar. Qarşıdakı illərdə Zəngəzur dəhlizinin fəaliyyəti türk dövlətlərinin nəqliyyat-logistika sahəsində səmərəli əməkdaşlığına töhfələr verəcək.

Hazırda İran ərazisindən inşa edilən Şərqi Araz nəqliyyat dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Nəticədə Azərbaycan, İran, Rusiya və Türkiyə ərazisindən yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq. Bu dəhliz Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində mühüm rol oynamaqla yanaşı, türk dünyasının inteqrasiyasını da sürətləndirəcək.

Hazırda türkdilli ölkələrin xarici siyasət doktrinası və milli maraqları ilə bağlı mövzuların daim xüsusi diqqət mərkəzində saxlanılmasına, bu istiqamətdə birgə təbliğat hədəflərinin müəyyənləşdirilməsinə də ehtiyac duyulur. Unutmaq olmaz ki, sarsıdıcı məğlubiyyətə düçar olmuş Ermənistanın xaricdə formalaşdırdığı diaspor və lobbi təşkilatları hazırda nəinki Azərbaycana və Türkiyəyə, ümumən türk dünyasına qarşı qərəzli təbliğat aparırlar. Bu mənada, TDT ölkələrinin diaspor və lobbi qurumlarının, eləcə də mediasının vahid strategiya və hədəflər əsasında saxta erməni iddialarına qarşı səylərini gücləndirməsi, səmərəli əks-hücum həyata keçirməsi zəruridir.

Azərbaycanın TDT ölkələri ilə müdafiə və hərbi təhlükəsizlik sahələrində əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlaması bu və digər geosiyasi çağırışlarla şərtlənir. Rəsmi Bakı ölkəmizin Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünün gücləndirilməsi, regionda sülh təşəbbüslərinə qarşı yönələn xarici təhdidlərin zərərsizləşdirilməsi istiqamətində davamlı addımlar həyata keçirir. Türkiyə ilə yanaşı, Özbəkistan və Qazaxıstanla hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ardıcıl addımlar, əməkdaşlığa dair imzalanan sənədlər bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin IV Antalya Diplomatik Forumunda iştirak məqsədilə qardaş ölkəyə səfəri, Prezident Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələr də bu baxımdan xüsusi diqqət cəlb edir. Aşkar görünür ki, Türkiyə beynəlxalq və regional proseslərlə bağlı mövqeyini əsas müttəfiqi olan Azərbaycanla bölüşür, ölkəmizin qlobal gərginliklərin həllində sabitləşdirci rolunu yüksək dəyərləndirir.

MTM Analitik Qrup